Bu gün (16 iyun) Nəsimi rayon Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və onun dostu Ceyhun Fərzullayevin işi üzrə məhkəmə prosesi keçirildi.
Proses Nemət Pənahlının çıxışı ilə davam edib. O, çıxışında şərlənərək həbs edildiyini, bunun üçün də məhkəmədən haqq-ədalət gözləmədiyini deyərək, bu prosesin bir “tamaşa” olduğunu və siyasi mübarizəsinə görə həbs edildiyini bildirdi.
Daha sonra hakim E. Əhmədov məhkəmə baxışının başa çatdığını və hökmü sabah saat 14:30-da elan edəcəyini bildirdi.
Xatırladaq ki, yanvarın 8-də Nemət Pənahlı öz dostu Ceyhun Fərzullayev ilə birlikdə vətəndaş Eldar Rzayevin şikayəti əsasında saxlanılıb. Yanvarın 10-da Nəsimi Rayon Məhkəməsi Pənahlı və Fərzullayev Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) iki ay müddətinə həbs edib. Münaqişəyə səbəb Pənahlının Rzayevə satdığı avtomobil olub. Yanvarın 17-də Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.
Pənahlının doğmaları və yaxınları isə hesab edirlər ki, onun və dostunun həbsi "P.S. Nota" qəzetində və ümumiyyətlə mətbuatda hakimiyyətin ünvanına söylədiyi tənqidi fikirlərlə bağlıdır.