CABBAR SAVALANLININ APELLYASİYA ŞİKAYƏTİNƏ ONUN PROSESDƏ İŞTİRAKI OLMADAN BAXILIR

  İyunun 16-da Sumqayıt Apellyasiya Məhkəməsində hakim Lətifə Hüseynovanın sədrliyi ilə gənc fəal Cabbar Savalanlının 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 4 may 2011-ci il tarixdə çıxardığı hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

İclasda Cabbar Savalanlı iştirak etməsə də onun vəkilləri Əsabəli Mustafayev, Anar Qasımov və  dövlət ittihamçısı Azər Osmanov iştirak edirdi.

            Prosesdə gənc fəalın vəkili Anar Qasımov Cabbar Savalanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərarın müddətinin bitdiyi üçün onun həbsdə saxlanılmasının qanunsuz olduğunu  və  buna görə də onun azadlığa buraxılması barədə vəsatətlə çıxış etdi.

            Daha sonra Anar Qasımov bu vəsatət təmin edilmədiyi halda həbsin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət qaldırdı.

            Eyni zamanda Anar Qasımov  apellyasiya instansiyasının məhkəmə baxışının məhkəmə istintaqı aparılmaqla keçirilməsi barədə vəsatət qaldırdı. Anar Qasımov vəsatətini hal şahidlərinin başqa işlərdə də iştirak etməsi, ekspertin rəyinin ziddiyyətli olması ilə əsaslandırdı.

            Gənc fəalın digər vəkili Əsabəli Mustafayev isə bildirdi ki,  hökmdə müstəntiq və  ekspertin ifadələri açılmayıb, bu ifadələrə hakim tərəfindən qiymət verilməyib və  buna görə də vəsatət təmin edilməlidir.

            Vəsatətlərə münasibət bildirən dövlət ittihamçısı Azər Osmanov qaldırılmış vəsatətlərin əsassız olduğunu və  təmin edilməməsini xahiş edib.

            Müşavirədən qayıdan hakim vəsatətlərin təmin edilmədiyini və məhkəmə istintaqı aparılmadan məhkəmə baxışının 30 iyun saat 15:00-a təyin edilməsi barədə qərarını elan edib.

            Xatırladaq ki, Cabbar Savalanlı fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Sumqayıt Şəhər Məhkəməsi Cabbar Savalanlının 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə 4 may 2011-ci ildə hökm verib.

             Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunmağı istisna edilmir.

Previous Post

NEMƏT PƏNAHLININ MƏHKƏMƏSİ PROSESDƏ YEKUN SON SÖZÜ İLƏ DAVAM EDİB

Next Post

ABŞ DÖVLƏT KATİBİNİN MÜAVİNİ 2 GÜNLÜK SƏFƏRLƏ AZƏRBAYCANDADIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.