Bu gün (17 iyun) Nəsimi rayon Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və onun dostu Ceyhun Fərzullayevin işi üzrə məhkəmə hökmü elan edilib. Belə ki, hakim Elman Əhmədov Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının 6 il, onun tanışı Ceyhun Fərzullayev barəsində isə 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Prosesdən sonra vəkil Elçin Əliyev məhkəmənin qərarının ədalətsiz olduğunu və bu qərardan apellyasiya şikayəti verəcəklərini bildirdi.
Xatırladaq ki, yanvarın 8-də Nemət Pənahlı öz dostu Ceyhun Fərzullayev ilə birlikdə vətəndaş Eldar Rzayevin şikayəti əsasında saxlanılıb. Yanvarın 10-da Nəsimi rayon Məhkəməsi Pənahlı və Fərzullayevi Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) iki ay müddətinə həbs edib. Münaqişəyə səbəb Pənahlının Rzayevə satdığı avtomobil olmuşdu. Yanvarın 17-də Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlamışdı.
Pənahlının doğmaları və yaxınları isə hesab edirlər ki, onun və dostunun həbsi "P.S. Nota" qəzetində və ümumiyyətlə mətbuatda hakimiyyətin ünvanına söylədiyi tənqidi fikirlərlə bağlıdır.