VƏKİL NAXÇIVANDA CİNAYƏT TƏQİBİNƏ MƏRUZ QALANLARIN İŞİ İLƏ YERİNDƏ TANIŞ OLUB

Avqustun 15-də  Naxçıvan Muxtar Respublikasına səfər edən  vəkil, eyni zamanda hüquq müdafiəçisi, Sumqayıt  “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi” İB-nin sədri Əsabəli Mustafayev avqustun 17-də gecə saatlarında Bakıya geri qayıdıb. Bu haqda məlumatı RATİ-nin Naxçıvandakı müxbiri E.Abbasov bildirib.

Məlumata görə, vəkil  RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu Mehdiyevə qarşı AR Cinayət Məcəlləsinin 189-1.1 maddəsi ilə Şərur rayon Prokurorluğunda açılmış cinayət işinin və AXCP Naxçıvan MR Təşkilatının sədr əvəzi Yaşar Bağırsoya və qardaşı Zeynalabdin Bağırzadəyə qarşı Babək  rayon Polis şöbəsində AR Cinayət Məcəlləsini 221.1 (Xuliqanlıq) və 233 (ixtişaşlar törətmə) maddəsi ilə qaldırılmış cinayət işinin istintaq materialları ilə tanış olub.

E.Abbasov  deyib ki, vəkil Naxçıvana adı çəkilən şəxslərin hüquqlarının müdafiəsi məqsədi ilə RATİ-nin və Naxçıvan MR “Demokratiya və QHT-lərin İnkşaf Resurs  Mərkəzi”-nin dəvəti ilə gəlib. Ə.Mustafayev Naxçıvana gələn kimi Şərur rayonuna səfər edərək, H.Mehdiyevlə bağlı  baş verən hadisə yerinə baxış keçirib, hadisə yerindən fotoşəkillər çəkib. Sonra vəkil barəsində cinayət işi açılmış H.Mehdiyevlə birlikdə Şərur rayon Prokurorluğunda olaraq, prokuror Kamil Şükürovla və müstəntiq Sənan Paşayevlə görüşüb, istintaq materialları ilə tanış olub. Vəkil istintaq materialları ilə tanış olduqdan sonra, başlanan cinayət işi barədə rəyini açıqlayıb.

 “Bu bir qurama işdir. Gec müdaxilə olunduğu üçün təəssüf edirəm. Zamanında müdaxilə olunsa idi bir çox şeylərin qarşısı alınar, bəlkə də  cinayət işinin açılmasına imkan verilməzdi. Buna baxmayaraq biz məhkəmədə vəsatətlər qaldıracağıq və məsələnin müsbət sonluqla bitməsinə nail olmağa çalışacağıq”, – deyə  vəkil  deyib

Bundan sonra Ə.Mustafayev Babək rayon Nehrəm Kəndində olaraq Yaşar Bağırsoy və Zeynalabdin Bağırzadə ilə görüşüb.  Habelə o,  Babək rayon Polis Şöbəsində olub, polis rəisi Cavid Qasımovla və işi aparan müstəntiqlə görüşüb, istintaq materialları ilə tanış olub.

Vəkil Ə. Mustafayev  araşdırma aparıldığı üçün hər iki qardaşa qarşı açılmış cinayət işi ilə bağlı mətbuata geniş məlumat verməyi məqsədə uyğun hesab etməyib.

Bundan başqa Ə. Mustafayev və yerli hüquq müdafiəçiləri gələcəkdə baş verəcək bu cür hadisələrə anında müdaxilə etmək barədə müzakirələr də aparıblar. Qərara alınıb ki, hadisələrə zamanında müdaxilə etmək üçün Sumqayıt “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi”  və Naxçıvan MR “Demokratiya və QHT-lərin İnkşaf Resurs  Mərkəzi arasında müqavilə imzalansın və vəkillərdən ibarət mobil qrup yaradılsın və həmin  vəkillərin tez-tez Naxçıvana səfəri təşkil olunsun.

Qeyd edək ki, Bakıda artıq vəkillərdən ibarət bu cür mobil qrup yaradılıb. Son siyasi aksiyalar zamanı həbs olunanların hüquqlarını qorumaq üçün vəkillər həbs olunanların işinə dərhal müdaxilə edə bilir.

Jurnalist  əlavə olaraq deyib ki, vəkili Ə. Mustafayevi səfər zamanı  yerli hüquq müdafiəçiləri Elman Abbasov, Həkimeldostu Mehdiyev, Məlahət Nəsibova və İlqar Nəsibov müşayiət ediblər. Səfər RATİ-nin dəstəyi ilə gerçəkləşib.

            Xatırladaq ki, iyulun 13-də Şərur rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədovun müavini Ələddin Məmmədov bir neçə şəxslə RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu Mehdiyevin evinə gələrək ona təzyiq edib və onun kiçik avtoyuma sexinə habelə evinə gələn elektrik xəttini  kəsdirib. İyulun 15-də  məsələ ilə bağlı yenidən onun üzərinə hücum edilib. Bu zaman isə evinə və sexə gedən elektrik xətləri elektrik dirəkləri ilə birlikdə çıxarılaraq müsadirə olunub. Jurnalistin şəxsi mülkiyyətinə aid olan  yardımçı tikililərini, qarajını sökülməyə, yuyucu aparatın isə müsadirə etməyə cəhd ediblər. Həmçinin hadisədən sonra H. Mehdiyevə qarşı heç bir sübut dəlil olmadan Şərur rayon Prokurorluğunda 189-1 maddəsi ilə (Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması) cinayət işi açılıb.

            Nehrəm Müqavimət Hərəkatı tərəfindən iyulun 27-də saat 10:00-da  Babək rayon Nehrəm kəndində  suyun əhaliyə baha qiymətə satılmasına və kasıblara suyun verilməməsinə etiraz əlaməti  olaraq etiraz aksiyasının keçirilməsi nəzərdə tutulmuşdu. Aksiyanın  “Nehrəm Sudan İstifadə Edənlər Birliyi”nin sədri Cəmşid Həsənovun istefası və birliyə yeni sədrin seçilməsi tələbi ilə keçirilməsi nəzərdə tutulurdu. Aksiyanın başlanmasına az qalmış “Nehrəm Sudan İstifadə Edənlər” Birliyinin sədri Cəmşid Həsənov və qardaşı Cəlal Həsənov , kənd icra nümayəndəsinin, kənd bələdiyyə sədrinin gözləri qarşısında aksiyaçılara hücum edərək, Yaşar Bağırsoyu və onun qardaşı  Zeynal Bağırzadəni möhkəm döyüblər və  digər aksiyaçıları söyərək təhqir ediblər. Aksiya iştirakçıları isə bunun təxribat olduğunu bildikləri üçün onları döyənlərə müqavimət göstərməyiblər. Bundan sonra döyülən  və təhqir olunan vətəndaşlar Babək rayon Prokurorluğuna gediblər. Prokurorluqda onları qəbul etməyərək polisə göndəriblər. Onlar polisin qarşısına yığışıblar və döyülən hər iki Nehrəm sakini izahat vermək üçün polisə dəvət olunublar. Amma döyülən Y. Bağırsoy və Z. Bağırzadə iki gün polisdə saxlanılaraq polislər tərəfindən də döyülüblər, onlara mənəvi-psixoloji təzyiqlər olunub.

 

Previous Post

ANS-İN GƏNCƏDƏKİ ƏMƏKDAŞLARI TƏZYİQLƏ ÜZLƏŞDİLƏR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.