ANS TV-nin Gəncə bürosunun əməkdaşları – Təhminə Tağızadə və Fuad Rzayev peşə fəaliyyətlərini yerinə yetirərkən, yerli hüquq-mühafizə orqanları tərəfindən təzyiqə məruz qalıb. Bu barədə bu gün (17 avqust) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) ANS TV-nin Gəncə bürosunun əməkdaşı Təhminə Tağızadə məlumat verib.
“Hadisə yerindən çəkiliş aparmaq istəsək də orada olan polis əməkdaşları bizi əraziyə buraxmayaraq, bizi ərazidən itələməklə uzaqlaşmağa məcbur etdilər. Həmin vaxt Gəncənin İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mobil telefonuma zəng edərək, mənə müxtəlif tərzdə hədə-qorxular gəlməyə başladı və kobud ifadələrlə təhqirlər səsləndirdi. Əməkdaşımıza heç olmasa uzaqdan da olsa, görüntü götürməyə icazə vermələrini dediyim zaman isə, ərazidə olan polis nəfərlərindən biri operator Fuad Rzayevi cibinə narkotik maddə atacağı ilə hədələdi”, – deyə T. Tağızadə bildirdi.
Hadisə ilə bağlı qarşı tərəfin münasibətini öyrənmək üçün Gəncə Şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Ruslan Qardaşovla əlaqə saxladıq. Telefona cavab verən R. Qardaşov məzuniyyətdə olduğu üçün suallarımıza cavab verə bilməyəcəyini dedi. İcra başçısı Elmar Vəliyevin əl telefonuna etdiyimiz zəngə cavab verən şəxs isə “siz kimsiniz ki, məndən nə isə də soruşursunuz” deyərək telefonu söndürdü.