Vəkil Elçin Namazov fəaliyyəti və ona qarşı təzyiqlərlə bağlı fikirlərini izah edib. Vəkil bildirib ki, bu gün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının İntizam Komissiyasında onun barəsində intizam məsuliyyəti məsələsinə baxılacaq. İntizam məsuliyyətinə baxılmasına avqustun 27-də Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə vəkil barəsində qərar çıxarılması səbəb olub.
Həmin sənədə əsasən, Elçin Namazovun 2 aprel hadisələrində həbs olunanların işi ilə bağlı məhkəmədə müdafiəsini həyata keçirdiyi Rüfət Hacıbəylinin işindən uzaqlaşdırılması, haqqında Cinayət Məcəlləsinin 289-cu (məhkəməyə hörmətsizlik etmə) maddəsi ilə cinayət işi qaldırılması barədə Respublika Prokurorluğuna müraciət olunması və Vəkillər Kollegiyasından çıxarılması üçün quruma məlumat verilməsi qərara alınıb. Vəkil bildirib ki, qərarın mətni bu günə qədər ona təqdim edilməyib.
Elçin Namazov dəfələrlə Vəkillər kollegiyasına çağırılaraq ona hədə-qorxu gəlindiyini, hakimiyyət əleyhinə olan işlərə çıxmamağı tələb edildiyini vurğulayıb.
Mətbuat konfransında müstəqil vəkillər, hüquq müdafiəçiləri çıxış edərək durumla bağlı təkliflər irəli sürüblər. RATİ-nin rəhbəri Emin Hüseynov vəkillərə qarşı başlanmış kampaniyaya son qoyulması üçün qısa zamanda vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gələrək piket keçirmək üçün BŞİH-nə müraciət etməyi təklif edib.
Öz növbəsində hüquq müdafiəçisi Novella Cəfəroğlu beynəlxalq qurumlara müraciət hazırlamağı təklif edib. Hüquqi Maarifləndirmə İctimai Birliyinin rəhbəri İradə Cavadova Vəkillər kollegiyasının məhkəməyə verilməsini təklif edib.
Daha sonra Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev Azərbaycanda vəkillər institutunun ən ağır dövrünü yaşadığını xatırladıb. Vəkil hesab edir ki, hakimiyyətin bu dəfəki hədəfi müstəqil vəkillərdir. “Vəkillərə qarşı bu cür kompaniya vətəndaş cəmiyyətini sıradan çıxarmağın tərkib hissəsidir”, – deyə İ. Əliyev bildirib.
Vəkillər kollegiyası ilə məhkəmə çəkişməsindən keçən vəkil Osman Kazımov hələ də ona qarşı təzyiqlərin davam etdiyini bildirib. Vəkil hesab edir ki, Eiçin Namazova qarşı aparılan bu kompaniyanın məqsədi onun simasında vəkilləri cəzalandırmaqdır.
Tədbirdə səfirliklərin və beynəlxalq təşkilatın nümayəndələri iştirak ediblər.