MÜSTƏQİL VƏKİLLƏRƏ QARŞI TƏZYİQLƏR ARTIR

Vətəndaş cəmiyyətinin nümayəndələri , vəkillər, hüquq müdafiəçiləri   Azərbaycanda  müstəqil vəkillər institutunun  sıradan çıxarılmasına  etiraz edirlər. Bu barədə  Media Mərkəzində Siyasi və Mülki Hüquqlar Mərkəzinin təşkilatçılığı ilə son zamanlar vəkillərə qarşı təzyiqlərlə bağlı keçirilən mətbuat konfransında bildirilib.

Təşkilatın rəhbəri  Pərviz Həşimli Vəkillər Kollegiyasının müstəqil vəkillər Osman Kazımov, Xalid Bağırov, Elçin Namazova qarşı sərt mövqeyini xatırladaraq hakimiyyətin bu  prosesi planlı şəkildə apardığını deyib. Onun fikrincə hakimiyyət getdikcə repressiya dalğalarını gücləndirir.

 Vəkil Elçin Namazov  fəaliyyəti və ona qarşı təzyiqlərlə bağlı  fikirlərini izah edib. Vəkil bildirib ki, bu gün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının İntizam Komissiyasında  onun barəsində intizam məsuliyyəti məsələsinə baxılacaq. İntizam məsuliyyətinə baxılmasına avqustun 27-də Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə vəkil barəsində qərar çıxarılması səbəb olub.

Həmin sənədə əsasən, Elçin Namazovun 2 aprel hadisələrində həbs olunanların işi ilə bağlı məhkəmədə müdafiəsini həyata keçirdiyi Rüfət Hacıbəylinin işindən uzaqlaşdırılması, haqqında Cinayət Məcəlləsinin 289-cu (məhkəməyə hörmətsizlik etmə) maddəsi ilə cinayət işi qaldırılması barədə Respublika Prokurorluğuna müraciət olunması və Vəkillər Kollegiyasından çıxarılması üçün quruma məlumat verilməsi qərara alınıb. Vəkil bildirib ki, qərarın mətni bu günə qədər ona təqdim edilməyib.

Elçin Namazov dəfələrlə Vəkillər kollegiyasına çağırılaraq ona hədə-qorxu gəlindiyini, hakimiyyət əleyhinə olan işlərə çıxmamağı tələb edildiyini vurğulayıb.

Mətbuat konfransında  müstəqil vəkillər, hüquq müdafiəçiləri çıxış edərək durumla bağlı təkliflər irəli sürüblər. RATİ-nin rəhbəri  Emin Hüseynov  vəkillərə qarşı başlanmış kampaniyaya son qoyulması üçün qısa zamanda vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gələrək  piket keçirmək üçün BŞİH-nə müraciət etməyi  təklif edib.

Öz növbəsində hüquq müdafiəçisi Novella Cəfəroğlu beynəlxalq qurumlara müraciət hazırlamağı təklif edib. Hüquqi Maarifləndirmə İctimai Birliyinin rəhbəri  İradə Cavadova  Vəkillər kollegiyasının məhkəməyə verilməsini təklif edib.

Daha sonra Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev Azərbaycanda vəkillər institutunun ən ağır dövrünü yaşadığını xatırladıb. Vəkil hesab edir ki, hakimiyyətin bu dəfəki hədəfi müstəqil  vəkillərdir. “Vəkillərə qarşı bu cür kompaniya vətəndaş cəmiyyətini sıradan çıxarmağın tərkib hissəsidir”, – deyə İ. Əliyev bildirib.

Vəkillər kollegiyası ilə məhkəmə çəkişməsindən keçən vəkil Osman Kazımov  hələ də ona qarşı təzyiqlərin davam etdiyini  bildirib. Vəkil hesab edir ki, Eiçin Namazova qarşı aparılan bu kompaniyanın məqsədi onun simasında vəkilləri cəzalandırmaqdır.

  Tədbirdə  səfirliklərin və beynəlxalq təşkilatın nümayəndələri iştirak ediblər.

 

 

Previous Post

DÖRD MÜXALİFƏTÇİNİN MƏHKƏMƏSİ DAVAM EDİR

Next Post

İRAN SƏFİRLİYİ QARŞISINDA AKSİYA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.