JURNALİSTLƏR VƏ HÜQUQ MÜDAFİƏÇİLƏRİ NAXÇIVANA MÜTƏMADİ SƏFƏRLƏR EDƏCƏK

Bu gün  (13 sentyabr ) Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində dünən Naxçıvana səfər etmiş jurnalistlər və hüquq müdafiəçiləri mətbuat konfransı keçiriblər.

  “Naxçıvana səfərimiz zamanı açıq şəkildə izləmə, təzyiq və təsirə məruz qalmamışıq. Hüquq müdafiəçilərinin və jurnalistlərin təzyiqlərlə üzləşməsi və deportasiya olunması ilə bağlı bəzi media orqanlarında dərc olunmuş məlumatların əsası yoxdur”, – deyə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib.

    Onun sözlərinə görə, jurnalistlər və hüquq müdafiəçiləri səfər zamanı günün birinci yarısında Şərur rayon məhkəməsində RATİ-nin bölgə müxbiri Həkimeldostu Mehdiyevin məhkəmə prosesində iştirak edib. “Doğrudur məhkəməyə giriş zamanı hamını ciddi yoxladılar, çantalar, mobil telefonlar alındı. Hətta vəkili də yoxladılar, onun çantasını və telefonunu aldılar”.

    M.Əliyev eyni zamanda, Naxçıvan Milli Təhlükəsizlik Nazirliyində və Ombudsman Aparatında qəbul edilmədiklərini bildirib. “Milli Təhlükəsizlik Nazirliyində bildirdilər ki, bəzi media orqanları Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun əleyhinə yazıb. Ombudsman Aparatında isə jurnalistlərin və hüquq müdafiəçilərinin qabaqcadan qəbula yazılmadıqlarını dedilər. Sonra özünü təqdim etməyən əməkdaş Ombudsman Aparatını tərk etməyimiz tələb etdi və əl-qol atdı. Daha sonra isə Daxili İşlər Nazirliyinin ictimai təhlükəsizlik idarəsinin rəisi Əziz Əyyubov Ombudsman Aparatından şikayət edildiyi üçün Naxçıvanı tərk etməmizi tələb etdi. Ancaq, biz RATİ-nin bölgə müxbiri Həkimeldostu Mehdiyevin evinə getdik”, – deyə o qeyd edib.

     Jurnalistlər və hüquq müdafiəçiləri Naxçıvan səfərini əhəmiyyətli adlandırıb və bu səfərlərin hər ay davam etdirilməsini vacib sayıb. “Naxçıvanda insan hüquqları xəstədir. Burada insanlar özlərini azad hiss etmir və bu səbəbdən danışmaqdansa evdə oturmağa üstünlük verir. İnsanların inamını artırmaq üçün buraya hüququ-müdafiəçiləri və jurnalistlərin tez-tez səfər etməsinə böyük ehtiyac var”, – deyə hüquq müdafiəçisi Səidə Qocamanlı qeyd edib.       

  Hüquq müdafiəçiləri həmçinin Naxçıvanda vətəndaş cəmiyyətlərinin və siyasi partiyaların yerli şöbələrinin inkişaf etdirilməsini vacib sayır.  “Regiondan Milli Məclisə seçilmiş deputatlar tez-tez seçiciləri ilə görüşüb, onların problemlərini parlament və hökumət qarşısında qaldırmalıdır. İnsanlar hətta bəzən poçt şöbələrinin onların şikayət teleqramlarını  qəbul etmədiyini deyir. Məhkəmələr isə şikayətləri araşdırmağa üstünlük vermir”, – deyə hüquq müdafiəçisi Anar Məmmədli bildirib.

            Bir çox redaktor regionda rəsmi şəxslərin də qorxu içində olduğu fikrindədir. Onlar danışanda belə səsləri titrəyir, sanki arxalarında hansısa göz onları izləyir. “DİN-in ictimai  təhlükəsizlik idarəsinin rəisi bizimlə parkda görüşdü, Ombudsman bu qədər insana şər atdı ki, guya onu təhqir ediblər. Rəsmi şəxslər hüquq müdafiəçiləri, jurnalistlərlə   danışanda sanki əzbər bildikləri standart sözləri olan mədəniyyətsiz, tərbiyəsiz, əlinmi cibindən çıxar kimi sözlərdən istifadə edir. Təsəvvür etmək olar ki, bu şəxslər sadə vətəndaşlarla danışanda necə rəftar edirlər”, – deyə Xural qəzetinin redaktoru Əvəz Zeynallı qeyd edib.

   Hüquq müdafiəçisi Novella Cəfəroğlu Naxçıvanda abadlığın olduğunu, ağacların kəsilmədiyini, tarixi abidələrin qorunduğunu deyib. “Amma, şəhəri abad edən insanlardır. Ən böyük problem Naxçıvanı insanların tərk etməsidir. Burada insan fəallığı hiss edilmir”, – deyə o vurğulayıb.

 

 

Previous Post

REDAKTORLAR BİRLİYİ JURNALİST İDRAK ABBASOVUN VALİDEYNLƏRİNƏ BAŞ ÇƏKƏCƏK

Next Post

DÖRD YAŞLI FATİMƏNİN YARDIMA EHTİYACI VAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.