M.Əliyev hesab etdi ki, X.İsmayılovanın şantaj edilməsi ilə bağlı sifariş hakimiyyətdən gəlib. “Jurnalistlərə qarşı verilən hər hansı bir qərar siyasi qərardır və bu ancaq Prezident Aparatında verilə bilər. Buna sübut kimi keçən il jurnalistlər Qənimət Zahid, Azər Əhmədov, Aqil Xəlillə baş verən bənzər olayları misal gətirmək olar. Xədicə ilə bağlı şantaj kampaniyasına isə əvvəl ona məktub yazmaqla başladılar, sonra martın 13-də hakim partiyanın rəsmi orqanı “Yeni Azərbaycan” qəzetində qarayaxma xarakterli məqalə dərc olundu. Bütün bunlar da göstərir ki, sifariş Prezident Aparatından gəlib”, – deyə qeyd edən M.Əliyev onu da bildirdi ki, “Turan”, eləcə də RATİ və digər hüquqi müdafiə təşkilatları bu hadisənin kim tərəfindən təşkil olunduğu və icra olunmasının aşkarlanmağı üçün davamlı addımlar atacaq və X. İsmayılova müdafiə ediləcək.
RATİ sədri Emin Hüseynov isə çıxışında 2005-ci il martın 2-də “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən sonra Azərbaycanda jurnalistlərə ən ciddi zərbənin X.İsmayılova ilə bağlı qarayaxma kampaniyasını misal çəkdi. Habelə E.Hüseynov X.İsmayılovaya qarşı kampaniyanın yüksək peşəkarlıqla həyata keçirildiyini dedi:
“Bu vəziyyət onu göstərir ki, baş verən hadisə məhz yuxarı dairələrin sifarişi ilə baş verib. Qeyd edim ki, internet təhlükəsizliyi üzrə bir neçə tanış mütəxəssisin araşdırmasına görə, ABŞ-da bir şirkət pulla orada anonim poçt qutusu almaq olar. ABŞ qanunvericiliyinə görə, istənilən ölkədə domenlərin alınmasında iki qayda var: gizli və açıq. Hətta gizli də alırsansa, istənilən sorğu verməklə onu görmək olur. Burada da sorğu proqramından istifadə etməklə başqa bir şirkət göstərildi. Həmin şirkət qarant verir ki, heç kəs sizi tapa bilməz. Azərbaycanın hüquq mühafizə orqanları bunu araşdırmaq istəsələr belə, bu çox çətin olacaq. Ancaq bir məsələ də var ki, ABŞ qanunvericiliyinə görə, federal kommunikasiya komissiyasının hüququ var ki, əgər ağır cinayət baş verirsə, eləcə də bu əgər ABŞ radiosunun əməkdaşına qarşı bu cür cinayətkar addım atılıbsa, bunu edən asanlıqla tapılacaq. Ən azından həmin şirkət bu adı açıqlamağa borclu olacaq”,- deyə qeyd edən hüquq müdafiəçisi habelə X.İsmayılovanın fiziki təhlükəsizliyinin də təhlükə altında olduğunu bildirdi. E Hüseynov jurnalistə qarşı “özünəqəsd” kimi terror hadisəsinin baş verəcəyini istisna etmədi və əsas diqqətin onun təhlükəsizliyinə yönəldilməsini lazım bildi.
Tədbirdə çıxış edən “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova isə ona dəstək olan hər kəsə təşəkkür edərək, hətta hakimiyyət mediasında təmsil olunanlardan da dəstək zəngləri aldığını dedi. O sabah (17 mart) hadisə ilə bağlı verdiyi şikayətə əsasən Bakı şəhər Prokurorluğunda vəkili Adil İsmayılovun iştirakı izahat verəcəyini də dedi. Eyni zamanda X.İsmayılova hesab etdi ki, verdiyi şikayətlə bağlı şaşlanan cinayət işi ilə də tam razı deyil.
“Hesab edirəm ki, cinayət işi təkcə şəxsi həyata müdaxilə ilə bağlı deyil, həm də jurnalistin qanuni peşə fəaliyyətinə mane olmaq məqsədilə təhdid edilməsi maddəsi ilə olmalıdır. Baş verənləri açıq-aşkar təhdid hesab edirəm. İctimaiyyətə verdikləri dəstəyə görə bir daha təşəkkür edirəm. Bildirirəm ki, araşdırmalarımı davam etdirəcəyəm. Əlimdə də kifayət qədər ciddi faktlar var. O faktların bir daha təsdiqlənməsi və münasibət bildirilməsi üçün hökumət orqanlarına müraciət etmişdim və güman edirəm kİ, bu təzyiqlər də məhz onunla bağlıdır, onlar yaxın günlərdə çap olunacaq”, – deyə qeyd edən X.İsmayılova heç bir ayıb iş görmədiyini də dedi.
“Ayıb iş görənlər başqalarının yataq otaqlarına girib onun şəxsi həyatını çəkib nümayiş edənlərdir, ayıb iş xalqın cibindən oğurlanmış pulla balalarına villa tikmədir”, – deyə qeyd edən X.İsmayılova Azərbaycandan da heç yerə getmək fikrində olmadığını dedi. Amma o martın axırlarında 1-2 həftə öncədən planlaşdırılmış xarici səfərdə olacağını və beynəlxalq toplantılarda iştirak edəcəyini qeyd etdi.
Helsinki Vətəndaşlıq Assambleyasının (HVA) Azərbaycan nümayəndəliyinin rəhbəri Arzu Abdullayeva isə çıxışında insan haqları və jurnalist təşkilatları, vətəndaş cəmiyyətinin fəallarını, ekspertlərini bu məsələ ilə bağlı daha aktiv və fəal olmağa çağırdı. A.Abdullayeva baş verənlərlə bağlı QHT və KİV-lərin birləşdiyi qrupun yaradılmağını və bu qrup çərçivəsində daha effektiv şəkildə jurnalistlərin və siyasi sifarişlə təzyiqə məruz qalan digər şəxslərin müdafiəsinin təşkil edilməsini vacib hesab etdi.
Habelə tədbirdə, DEVAM sədri Haci İlqar İbrahimoglu, İnsan Hüquqları Klubunun koordinatoru Rəsul Cəfərov, , İnsan Hüquqları Klubunun həmtəsisçisi Səbuhi Qafarov, jurnalist Aynur Elgünəş və digər şəxslər çıxış edərək fikir bildirdilər.