AZƏRBAYCANDA SON 7 İLDƏ JURNALİSTLƏRƏ QARŞI 300-DƏN ARTIQ MƏHKƏMƏ İDDİASI QALDIRILIB

Martın 16-da Beynəlxalq Mətbuat Mərkəzində Media Hüququ İnstitutu və ATƏT-in Bakı ofisinin birgə təşkilatçılığı ilə mediaya qarşı məhkəmə işləri ilə bağlı dəyirmi masa keçirilib. Dəyirmi Masada əsas diqqət defamasiya haqqında qanunun qəbulunun yubanmasına yönəlib.

 

Tədbirin təşkilatçısı olan Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı bildirib ki, 2006-cı ildən bəri Milli Məclisə defamasiya haqqında üç qanun layihəsi təklifi təqdim edilib. Bu ilin əvvəlində isə ölkə prezidenti insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması ilə bağlı proqrmaı təsdiqləyib. Hansı ki, həmin proqramda 2012-ci ildə defamasiya qanunun qəbulu nəzərdə tutulub. “Bununla belə hələ ki, defamasiya qanundan xəbər yoxdur, heç bir irəliləyiş nəzərə çarpmır. Buna görə də jurnalistlərə qarşı böhtan və təhqirə görə qaldırılmış məhkəmə işləri də narahatlıq doğurmaqda davam edir”.

 

MHİ-nin koordinatoru Xalid Ağaliyev isə mediaya, jurnalistlərə qarşı məhkəmə işlərinin statistikası barədə məlumat verib. Onun verdiyi bilgiyə görə, 2005-ci ildə tənqidçi xəbər mediası defamasiyaya görə 14, 2006-ci ildə isə 29, 2007- ci ildə 103, 2008-ci ildə 25, 2009-cu ildə 28, 2010-ci ildə 71 dəfə məhkəməyə çəkilib. 2010-cu ildə mediadan 875 min manatdan artıq təzminat istənilib, media 37 min 500 manatdan artıq cərimələnib. 2011-ci ildə mediaya, jurnalistlərə qarşı böhtan və təhqirə görə, azı 32 iddia və şikayət irəli sürülüb. Səkkiz jurnalistin yazılarına, ifadələrinə görə cinayət məsuliyyətinə cəlb edilməsi istənilib. İddia və şikayətlərin çox hissəsi rəsmilər tərəfindən qaldırılıb. Ötən il qaldırılan defamasiya iddiaları ilə jurnalistlərdən 2  milyon 700 min manatdan artıq təzminat istənilib. Jurnalistlərin üzərinə ümumilikdə 46 min iki yüzdən artıq təzminat ödəmək vəzifəsi qoyulub. Ümumilikdə 2005-ci ildən bəri jurnalistlərə qarşı 300-dən çox məhkəmə işi açılıb, 21 jurnalist həbs olunub, medianın üzərinə 4 milyon manatdan artıq cərimə qoyulub.

 

Daha sonra İREX-in media məsələləri üzrə  hüquqşünası Ələsgər Məmmədli Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən işlərilə bağlı danışıb və bildirib ki, Avropa Məhkəməsində Azərbaycan əsasən cəzanın adekvat verilməməsinə görə uduzur. O qeyd edib ki, Eynulla Fətulayevin, Yaşar Ağazadənin, Rövşən Mahmudovun işlərində də yerli məhkəmələr düzgün qərar çıxarmadığından Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın Avropa Konvensiyasının 10-cu maddəsini pozması qərarına gəlib.

 

Mövzu ilə bağlı çıxış edən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də deyib ki, defamasiya problemi ciddi problemdir. Ancaq bir nömrəli məsələ deyil. Daha vacib başqa məsələlər var.

 

“Yeni Nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev isə medianın durumunun acı olduğunu və Defamasiya haqqında qanunun qəbulunun çoxdan çatdığını vurğulayıb. Zeynal Məmmədli medianın problemlərindən bəhs edərək deyib ki, medianı narahat edən çoxlu yaralar var. “Biri də defamasiya qanunudur. Onun ən qısa zamanda qəbulu çox vacibdir. Bu qanunun qəbulu və doğru icrası jurnalistlərə, media azadlığına ciddi qatqılar verər”.

 

Müzakirə zamanı çıxış edənlərdən Azadlıq qəzetinin redaktoru Rahim Hacıbəyli, jurnalist Üzeyir Cəfərov, “Demokratik jurnalistlər liqası”nın rəhbəri Yadigar Məmmədli, professor Qulu Məhərrəmli də qanunun qəbulunun vacib olduğunu qeyd ediblər.

 

 

Previous Post

XƏDİCƏ İSMAYILOVANIN MÜDAFİƏSİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

Next Post

XƏDİCƏ İSMAYILOVANIN MÜDAFİƏSİNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.