Dövlət Neft Şirkətinin (ARDNŞ) Binəqədi rayonunun Sulutəpə yaşayış massivi ərazisində baş vermiş hadisələrlə bağlı yaratdığı komissiya açıqlama verib.
“ARDNŞ tərəfindən yaradılmış komissiya öz səlahiyyətləri çərçivəsində baş vermiş hadisənin təfərrüatlarının, o cümlədən İ.Abbasovun hansı səbəbdən və kim tərəfindən xəsarət alması faktının araşdırılmasına xüsusi diqqət yetirmişdir. Bununla əlaqədar olaraq ARDNŞ-nin Təhlükəsizlik İdarəsinin (Tİ) 18 aprel tarixində Sulutəpə ərazisində keçirdiyi tədbirdə iştirak etmiş əməkdaşları ilə söhbətlər aparılmış, hadisə ilə bağlı ətraflı məlumat toplanılmış və iştirakçıların izahatları alınmışdır. Komissiya qarşısında qoyulmuş vəzifələrə uyğun olaraq ARDNŞ nümayəndələri, eləcə də komissiyanın üzvü Şahin İsmayılov iki dəfə İ.Abbasovun müalicə aldığı xəstəxanada ona baş çəkmiş, onunla geniş söhbət aparmışlar.
Söhbətin əsas məqsədi İ.Abbasovun hansı şəraitdə xəsarət alması, tərəflər arasında münaqişənin hansı zəmində yaranması, jurnalistə xəsarət yetirilməsində ARDNŞ əməkdaşlarının iştirak dərəcəsi və s. məsələlərin aydınlaşdırılması olmuşdur. Onunla birlikdə hadisəni əks etdirən müxtəlif fotoşəkillər, video-materiallar diqqətlə nəzərdən keçirilmişdir.
Həmin gün İ.Abbasovu ziyarətə gələn “Yeni Müsavat” qəzetinin əməkdaşı Günay Musayeva da qeyd olunan materialları izləmiş və hadisənin şahidi kimi müəyyən şəxslərin kimliyini xatırlamağa çalışmışdır. Jurnalistlərin iştirakı ilə baş verən hadisələr təhlil edilmiş, onların bildirdikləri ARDNŞ əməkdaşlarının verdiyi izahatlarla müqayisə olunmuş, həqiqətin üzə çıxarılması istiqamətində araşdırmalar aparılmışdır.
İ.Abbasovun şübləhəndiyi Tİ-nin iki nəfər əməkdaşı ARDNŞ-nin baş ofisinə dəvət edilmiş, qanunvericiliyin yol verdiyi hədlərdə onlardan da izahat alınmışdır. Müəyyən edilmişdir ki, həqiqətən də, həmin şəxslərlə jurnalist İ.Abbasov, onun yaxın qohumları, eləcə də qəsəbə sakinləri arasında münaqişə (dava) yaranmış və nəticədə həm ARDNŞ əməkdaşları, həm də İ.Abbasov müxtəlif dərəcəli xəsarətlər almışlar. Tİ-nin iki əməkdaşının verdiyi izahata əsasən, hadisə belə olmuşdur: İ.Abbasov onların ünvanına çoxsaylı söyüşlər, ağır təhqirlər və yerli camaatı münaqişəyə çağıran ifadələr işlətmiş, az sonra onun qardaşı və bir neçə nəfər də hadisə yerinə gəlmiş və münaqişəyə qoşulmuşlar. Bəzi sakinlər tərəfindən Tİ əməkdaşlarına daş və digər əşyalar atılmışdır. Bununla da gərginlik yüksək həddə çatmış və Tİ əməkdaşları ilə İ.Abbasovun da içərisində olduğu qrup arasında dava başlamışdır. İzahatı alınan Tİ əməkdaşları İ.Abbasovun konkret kim tərəfindən vurulduğunu xatırlaya bilməmiş, bunu həmin anda həm dava etdikləri, həm də müdafiə olunduqları ilə izah etmişlər.
Komissiyaya o da məlum olmuşdur ki, həmin ərazidə İ.Abbasovun, onun atasının və qardaşının qanunsuz tikililəri mövcuddur. İzahatları alınan işçilərin verdiyi məlumatlara əsasən, İ.Abbasovun həmin ərazidə vaxtaşırı çəkiliş aparmaq istəyi heç də onun jurnalist fəaliyyəti ilə bağlı olmamış, şəxsi maraqlarına xidmət etmişdir. Belə ki, hadisədən əvvəlki tarixlərdə də o, əhalini zorakılığa çağırmaq, şəxsi mənafeyi naminə kütləvi qarışıqlıq yaratmaq məqsədləri ilə tez-tez Sulutəpə ərazisində olmuşdur”, – deyə ARDNŞ-nin Hüquq İdarəsinin rəisi, komissiyanın üzvü Eldar Orucov bildirib.
Habelə məlumatda qeyd edilir ki, aprelin 18-də baş vermiş hadisə ilə əlaqədar fakt üzrə daxili işlər orqanları tərəfindən cinayət işi başlanılmışdır, hazırda Daxili İşlər Nazirliyi tərəfindən istintaq aparılır. Bundan sonra hadisəyə hüquqi qiymət verilməsi, eləcə də hadisənin hansı şəraitdə baş verməsi, hadisəni törədənlərin konkret dairəsinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun cəzanın müəyyən edilməsi DİN-in araşdırması əsasında müvafiq məhkəmə tərəfindən həyata keçiriləcəkdir.
ARDNŞ-nin yaydığı bu məlumatı İ.Abbasov gözlənilən addım adlandırdı: “ARDNŞ nə deməlidir? Əlbəttə öz qoçu dəstəsinə haqq qazandırmalıdır. Xəstəxanaya mənim yanıma iki dəfə gələn Şahin müəllimlə yalnız bir dəfə, vəkilim Fariz Namazlının iştirakı ilə qısa söhbət etmişəm. Hadisənin şahidi olmuş, habelə mənimlə bərabər döyülmüş Günay Musayeva da bu zaman orada olub. Bəs niyə məlumatlarında bizim dediklərimizdən bir kəlmə yazmayıblar. Həm də mənim döyülməm anbaan lentə alınıb. Əvvəldən də dediyim kimi, mənim döyülməyim, hətta öldürülməyim barədə ən yuxarı səviyyədə razılıq olub. Ona görə də məni döyə-döyə çəkirdilər ki, sifarişçiyə bunu göstərib mükafatlarını alsınlar. Yəqin ki, Avroviziyadan sonra məni həbs edəcəklər. Amma mən onlardan qorxan deyiləm, məni öldürə də, həbs də edə bilərlər, amma susdura bilməyəcəklər”.