“Azadxeber.az” saytının baş redaktoru Nicat Əliyev həbs edildikdən sonra işgəncələrə məruz qalıb. Bu barədə bu gün (28 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) N.Əliyevin vəkili Anar Qasımlı məlumat verib.
“Nicata bildiriblər ki, ya narkotik ittihamını boynuna alacaqsan, ya da ki, ondan da ağır cinayətlə boynuna qoyacaqlar və 5 ildən çox müddətə onu həbsə atacaqlar. Habelə ona deyilib ki, əgər narkotik ittihamını boynuna almasa, evindən narkotik maddə çıxardacağıq, bu da ailə üzvlərinin də ittihamına səbəb olacaq”, – deyə qeyd edən vəkil əlavə edib ki, müdafiə tərəfi olaraq bununla bağlı müvafiq hüquqi addımlar atılacaq.
Xatırladaq ki, 2012-ci may ayının 20-də axşam saat 19-20 radələrində İslam dini yönlü “azadxeber.az” saytının baş redaktoru Nicat Əliyev “Memar Əcəmi” metro stansiyası yaxınlığında yerləşən "Killer" kişi geyimləri mağazasının qarşısında saxlanılaraq Yasamal rayonu Polis İdarəsinin 27-ci Polis Bölməsinə aparılıb. Daha sonra baş redaktora qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb və barəsində 2 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hal-hazırda Nicat Əliyev Kürdəxanı təcridxanasında saxlanılır.