Lənkəran rayon Məhkəməsi “Azadlıq” qəzetinin əməkdaşı Ramin Dekonun (Cəbrayılzadə) 3 000 (min) manat cərimələnməsi barədə qərar çıxarıb.
Onun sözlərinə görə, Lənkəran rayon Məhkəməsinin hakimi Fuad Soltanov deputat Novruz Aslanovun müraciəti əsasında mayın 17-də qərar çıxarıb:
“Proses olan günü məhkəməyə teleqram vuraraq, üzürlü səbəbdən prosesdə iştirak edə bilməyəcəyimizi bildirmişdik. Üstəlik məhkəmədən ekspertiza rəyini göndərilməsini xahiş etmişdik. Ancaq məhkəmə bizim prosesi təxirə salma xahişimizə əməl etməyib. İddianı qismən təmin edərək tələsik işə baxıb qətnamə çıxarıb və qanunsuz olaraq jurnalisti cərimələyib. Qərarda “Məqalədə yazılan ifadənin həqiqətə uyğun olmamağı ilə bağlı Aslanov Novruzəli Davud oğlundan üzr istəyirəm. Ramin Deko” məzmunda təkzib verilməsi və vurulmuş mənəvi zərərə görə 3000 manatın alınaraq Bakı şəhəri Xətai rayonu Binə qəsəbəsi, M. Ə. Sabir küçəsi ev 88 ünvanda yerləşən “Ümüd Yeri” Xeyriyyə cəmiyyətinin hesabına köçürülməsi, iş üzrə ekspertiza tədqiqatının 200 manatın Novruzəli Aslanovdan, 89 manatın Ramin Cəbrayılzadədən tutulması müəyyən edilib”, – deyə qeyd edən vəkil qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.
Xatırladaq ki, iddiaçı deputat Novruzəli Aslanov cavabdeh “Azadlıq” qəzetinin reportyoru Ramin Dekoya (Cəbrayılzadə) qarşı şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi tələbinə dair ərizə ilə Lənkəran rayon məhkəməsinə müraciət edərək “Azadlıq” qəzetinin 26 oktyabr 2011-ci il tarixli № 249(4700) saylı buraxılışının 12-ci səhifəsində “Fizuli Ələkbərov İvanovkada evləri 80 min manatdan alır” başlıqlı yazıda işgüzar nüfuzuna zərbə vurmaq, deputatlıq fəaliyyətinə ləkə salmaq məqsədi daşıyan ifadələrin yer aldığını bildirərək, jurnalistin ondan rəsmən üzr istəməsi, Cinayət Məcəlləsinin 147-ci maddəsinə (böhtan) əsasən böhtan cinayəti barədə xüsusi qərardad çıxararaq prokurora xəbər verilməsi, həmçinin vurduğu mənəvi zərərə görə 10.000 (on min) manat təzminat ödənilməsi və həmin vəsaitin Bakı şəhərində yerləşən uşaq internat evlərinin birinin hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını istəmişdi.