Şirvan Apellyasiya məhkəməsində “Xural” qəzetinin bölgə müxbiri Aydın Canıyevlə bağlı bu gün keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.
Buna səbəb isə hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə zərəçəkmiş tərəfin iştirak etməməsi olub.
Xatırladaq ki, Aydın Canıyev ötən il sentyabrın 7-də Lənkəranın Səpnəkəran kənd məscidinin pəncərələrini qırmaqda və dindarları təhqir etməkdə ittiham olunaraq 12 sutka inzibati həbs cəzası alıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb və sentyabrın 20-də Canıyev barəsində Lənkəran şəhər Məhkəməsi 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. Noyabrın 21-də isə jurnalist 3 il müddətinə azadlıqdan məhrum edilib.