Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim İlham Əsədovun sədrliyi ilə “Xırdalan Pivə” – Bakı-Baltika MMC -nin baş direktoru Adam Tlexurayın “Xural” qəzeti və qəzetin baş redaktoru Əvəz Zeynallıya qarşı qaldırdığı iddiadan "Xural" qəzetinin verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Xatırladaq ki, ötən məhkəmə iclasında vəkil Elçin Sadıqov hazırda həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməyə gətirilməsilə bağlı vəsatət qaldırmışdı. Bundan başqa Əvəz Zeynallı dəfələrlə məhkəməyə müraciət edərək, prosesdə məhz özünün iştirakının vacibliyini vurğulayıb. Amma bu dəfə də Ə.Zeynallının məhkəmə prosesində iştirakı təmin edilmədi.
Daha sonra hakim prosesə Adam Tlexurayın nümayəndəsi, "Bakı-Baltika" MMC-nin hüquqşünası Arif Ağayevin qatlmamağı səbəbindən prosesi iyunun 28-i saat 15.10-a qədər təxirə saldı.
Qeyd edək ki, iddiaçı "Xural" qəzetinin bir neçə sayında "Baltika-Bakı" MMC haqqında dərc olunmuş araşdırma məqalələrdə şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna xələl gətirildiyini iddia edərək, qəzetin təkzib verməsini, 150 min manat cərimələnməsini istəyib. Məhkəmə isə həmin iddianı qismən təmin edərək Əvəz Zeynallının 50 min manat cərimə olunması ilə qərar qəbul edib.