Azərbaycanlı jurnalistlərin təhdid olunması davam edir
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycanda jurnalistlərə qarşı hədə-qorxu kampaniyasının aparılmasını qətiyyətlə pisləyir. Avqustun 28-də RATİ və Ayna-Zerkalo qəzetlərinin müxbiri, jurnalist İdrak Abbasov öz araşdırmaçı fəaliyyətinə görə təhdidə məruz qalmışdır.
Avqustun 28-dən 29-a keçən gecə jurnalistə məxsus, yaşadığı evin yanında saxladığı “Opel Astra” markalı avtomobilinə müdaxilə olunub. Bu barədə RATİ-yə jurnalistin özü məlumat verib. İ.Abbasovun sözlərinə görə bu artıq eyni saatda son 15 gündə baş verən üçüncü haldır və onu qarşı aparılan hədə-qorxu kampaniyasının bir hissəsidir.
“RATİ olaraq hesab edirik ki, Abbasova qarşı bu cür təhdidlər onun jurnalist kimi sərbəst fəaliyyət göstərməsinə mənfi təsir göstərəcək” deyə RATİ sədri Emin Hüseynov bildirmişdir.
“Biz jurnalistlərin sadəcə ictimaiyyəti məlumatlandırmaq fəaliyyəti ilə məşğul olduqlarına görə təhdid olunmasını pisləyirik, və hakimiyyəti fiziki və mənəvi təzyiqlərə məruz qalmış jurnalistlərə, o cümlədən İdrak Abbasova qarşı hücumları dərhal araşdırmağa çağırırıq” Hüseynov vurğuladı.
RATİ Azərbaycan hökumətini jurnalistlərin və fəalların təqib olunmasını və hədə-qorxuya məruz qalmasını dayandırmağa və ifadə azadlığı və digər insan hüquqları sahəsində götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırır.
“Biz ailələrinin və özlərinin həyatlarına olan təhlükəyə və onlara qarşı edilən təzyiqlərə baxmayaraq, düz sözü deyən və cəmiyyəti doğru şəkildə məlumatlandıran jurnalistlərlə həmrəyik və onları daim dəstəkləyirik” deyə RATİ sədri Emin Hüseynov bildirdi.
İdrak Abbasov özü hadisənin detallarını bu cür təqdim edir:
“Yenə saat 02.35-40 radələrində avtomobilin siqnalizasiyası işə düşdü. Həyat yoldaşımla Yeganə Abbasova ilə dərhal həyətə çıxdıq və avtomobilin sol arxa qapısının açıldığının şahidi olduq. Bu barədə dərhal polisə, qonşulara və həmkarlarıma məlumat verdim. 40-cı Polis Bölməsindən Abşeron rayonunun Hökməli kəndində hadisə baş verdiyini və əməliyyat qrupunun orada olduğunu, onların bölməyə döndükdən dərhal sonra hadisə yerinə gələcəklərini dedilər”, – deyə qeyd edən İ.Abbasov həmin gecə avtomobilinə müdaxilə edən şəxsləri də görüb.
“Daha sonra yaxınlıqda yaşayan qardaşıma zəng etdim və onunla birlikdə polisə getməyi qərara aldıq. Biz qəsəbədəki mərkəzi yola çıxanda iki nəfər 19-22 yaşlarında idmançı görkəmli gənclə rastlaşdıq. Onların yerli adam olmadığına görə, onlara avtomobillə yaxınlaşaraq kimlikləri ilə maraqlandıq. Gənclər yuxarı məhəllədə “balaca” işlərinin olduğunu və 20 yanvara getmək istədiklərini bildirdilər. Mən onlardan şəxsiyyətlərini təsdiq edən sənədlərinin olub olmamağı ilə maraqlananda isə dərhal qaçmağa başladılar. Onların üzərində silah ola biləcəyindən ehtiyat edərək, onları təqib etməkdən vaz keçərək yaxınlıqdakı 40-cı polis bölməsinə getdik, həm də bu barədə məlumat verdik. Təxminən səhər saat 06 radələrinə qədər polis onları axtarsa da tapa bilmədi”, – deyə qeyd edən jurnalistin sözlərinə görə, daha sonra polis avtomobilə də baxış keçirib və avtomobildən heç nəyin itmədiyi və ya avtomobildə əlavə şeylərın qoyulmadığı məlum olub.
“Ya məni və ailə üzvlərimi qorxutmaq istəyirlər, ya da avtomobilimə silah və ya narkotik maddə qoyaraq məni həbs elətdirməyi planlaşdırırlar. Bu sadəcə oğurluq məqsədi daşıyan bir işə oxşamır. Oğrular adətən avtomobildən maqnitofon söküb aparırlar. Avtomobilimdə isə kasetlə işləyən və bahalı olmayan maqnitofon var. Amma qonşumun hətta qaranlıq küçədə saxladığı və qapısını rahatlıqla açmaq imkanı olan “Jiquli” markalı avtomobilində bahalı maqnitofon var. Həm də hansı dəli oğru uğursuzluğa düçar olduğu ünvana təkrar-təkarar dönür?”, – deyə İ.Abbasov qeyd etdi.
Xatırladaq ki, İ.Abbasov aprelin 18-də Binəqədi rayon Sulutəpə yaşayış massivində ARDNŞ əməkdaşlarının yaşayış evlərinin söküntüsü zamanı çəkiliş apararkən qəddarlıqla döyülüb. Onun sağ gözü zədələnib, iki qabırğası, daxili orqanları da zədələnib və jurnalist bu gün də müalicəsini davam edir. Hadisə ilə bağlı cinayət işinə başlansa da, kimsə məsuliyyətə cəlb olunmayıb. Amma bu dövr ərzində jurnalistə və ailə üzvlərinə qarşı təzyiqlər səngiməyib.