HƏYƏCAN! “AZADLIQ” QƏZETİ BARƏDƏ 30 000 MANATLIQ CƏRİMƏ QƏRARI QÜVVƏDƏ SAXLANILDI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Azadlıq” qəzetinin Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun iddiası ilə 30 000 (otuz min manat) AZN məbləğində cərimələnməsinə dair Yasamal rayon Məhkəməsinin çıxardığı qərarın bu gün Apellyasiya Məhkəməsi tərəfindən olduğu kimi qüvvədə saxlanılmasını  qətiyyətlə pisləyir və bunu ciddi maliyyə problemləri ilə üz-üzə qalan tənqidçi bir qəzetin məhvi üçün hakimiyyətin atdığı növbəti addım kimi qiymətləndirir.

Qeyd edək ki, “Azadlıq” qəzetinin 8 aprel 2012-ci tarixli buraxılışında “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” başlıqlı yazıda metropolitendə qiymətlər 20 qəpik olandan sonra, əvvəlcədən yüklənilmiş gedişlərdəki əlavə 5 qəpiklərdən istifadə edilməsinin mümkün olmadığı göstərilib. Tağı Əhmədov isə həmin məqalədə ona böhtan atıldığını, şərəf və ləyaqətinin alçaldığını hesab etdiyindən qəzetə qarşı iddia qaldıraraq təkzib verilməsi və 200 min manat təzminat ödənilməsi ilə bağlı qərar çıxarılmasını istəmişdi. Məhkəmə “Azadlıq” qəzetinin təkzib verməsi və qəzetin Tağı Əhmədova 30 min manat təzminat ödəməsi ilə bağlı qərar qəbul edib.
Apellyasiya Məhkəməsinin qərarından sonra qəzet haqqında çıxarılmış cərimə qərarı qanunu qüvvəsinə minir və T.Əhmədovun istənilən an cərimənin ödənilməsinin təmin edilməsi ilə bağlı məsələ qardıracağı istisna olunmur. Bu gün Azərbaycanda qəzet yayımı sahəsində hakimiyyətin yaratdığı problemlərə görə, yeganə gəlir mənbəyi olan satışdan gələn vəsaitdən də məhrum olan “Azadlıq” qəzeti çap və icarə haqqını belə ödəyə bilmir.
            RATİ qeyd edir ki, qəzetlərə qarşı bu cür əsassız və şişirdilmiş rəqəmlərlə cərimə qərarlarının qəbul edilməsi yalnız müstəqil mətbuatın məhv edilərək sıradan çıxarılmasına hesablanıb. Artıq hakimiyyət bu yolla “Xural” qəzetini sıradan çıxarmağa, baş redaktorunu isə şərləyərək həbs eləməyə  müvəffəq olub. Hakimiyyət məmurları istənilən an “Xural” qəzetinin praktikasına əl ataraq  cərimələrin dərhal icraata yönəldilməsini təmin edə bilər və bu yolla müvafiq qəzetin avadanlıqları müsadirə olunmaqla qəzetin fiziki mövcudluğunun sonu deməkdir.
    Habelə RATİ hesab edir ki, dövlət qurumlarının rəhbərlərinin şərəf və ləyaqəti məhkəmə predmeti ola bilməz. Onlar rəhbəri olduqları qurumlarının yerinə yetirdiyi işlərə görə tənqid və yaxud da yanlış tənqid olunarsa buna dözümlü yanaşmalıdır. Xüsusilə nəzərə alsaq ki, bu bazarda monopoliyaya sahib olan kommersiya qurumudur və buna görə də həmin məqalədə Tağı Əhmədovun 5 qəpikləri mənimsəməsi barədə məlumat verilib.  
Bu səbəbdən də RATİ Azərbaycan hökumətini və bu məmurları tənqidi mediaya dözümlü olmağa,  qəzetləri məhkəməyə verməklə fəaliyyətlərini məhdudlaşdırma niyyətindən əl çəkməyə və ifadə azadlığına təzyiq etməməyə çağırır. Ancaq kommersiya qurumunun mənəvi ziyana görə belə böyük bir məbləğin ödənilməsini tələb etməsi mümkündür.
RATİ həmçinin Beynəlxalq təşkilatları Azərbaycanı  ifadə azadlığına edilən  təzyiqlərə görə qınamağa və beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb etməyə çağırır.

Previous Post

AZƏRBAYCANDA DAHA BİR HÜQUQ MÜDAFİƏÇİSİ 2 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ

Next Post

QHT-lərə DÖVLƏT DƏSTƏYİ ŞURASININ SƏDRİ AZAY QULİYEV İLƏ MÜSAHİBƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.