HAKİM AQİL XƏLİLİN MƏHKƏMƏYƏ GƏTİRİLMƏSİ BARƏDƏ QƏRAR ÇIXARIB

Bu gün (24 iyun) Nəsimi Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlili (Xəlilov) bıçaqlamaqda təqsirləndirilən Sergey Strekalinin məhkəmə prosesi keçirilib.

Prosesdə A. Xəlilin özü iştirak etmədiyindən hakim prosesin davam etdirmək və ya təxirə salmaq barədə tərəflərin mövqeyini öyrəndi. İlk olaraq çıxış edən dövlət ittihamçısı Eldar Həmzəyev A. Xəlilin ibtidai istintaqa ziddiyyətli ifadələr verdiyini bildirdi və bu səbəbdən də onun məhkəmə prosesində iştirak etməsinin vacib olduğunu dedi.
   Daha sonra çıxış edən S. Strekalinin hüquqlarını müdafiə edən vəkil Akif Xəlilov da Xəlilin məhkəmədə iştirak etməsinin vacib olduğunu bildirdi: ”Əgər A. Xəlil məhkəməyə gəlmək istəmirsə, o məhkəməyə qanunla dəvət olunmalıdır”.
   Sonda isə söz prosesdə A. Xəlilin nümayəndəsi qismində çıxış edən vəkil Elçin Sadıqova verildi. Sadıqov A. Xəlilin məhkəmə prosesində iştirak etməyəcəyini dedi. O müdafiə etdiyi şəxsin mövqeyini belə əsaslandırdı ki, Strekalin Xəlili bıçaqlayan şəxs deyil: ”Müttəhim kürsüsündə Aqil Xəlili bıçaqlayan və Sergey Strekalini qabağa verən şəxslər olmalıdırlar”.

  Çıxışlardan sonra hakim yerində müşavirə keçirərək qərara aldı ki, A. Xəlilin məhkəməyə polis tərəfindən məcburi gətirilməsi təmin edilməklə proses iyulun 1-i saat 11.30-da davam etdirilsin.
Vəkil Elçin Sadıqov RATİ-nin əməkdaşı ilə söhbətində bu gün keçirilən proses zamanı çıxarılan qərarın qeyri-qanuni olduğunu vurğulayıb: “Prosessual qaydaya görə proses zamanı ilk növbədə dövlət ittihamçısı və təqsirləndirilən şəxsi müdafiə edən tərəf çıxış etməlidir. Zərurət olduqda zərərçəkmiş şəxslərin, şahidlərin iştirakı məhkəmədə təmin oluna bilər. Burada isə işin mahiyyəti üzrə nə dövlət ittihamçısı çıxış edib, nə də təqsirləndirilən tərəf. Zərərçəkmişin bu prosesdə iştirakına heç bir zərurət olmadığı halda hakim zərərçəkmişin məhkəməyə məcburi qaydada gətirilməsi barədə qərar çıxarır. Bu prosessual qanunvericiliyə zidd qərardır”.  
Xatırladaq ki, S. Strekalinin mart ayının 13-də "Azadlıq" qəzetinin əməkdaşı A. Xəlili bıçaqlamaqda təqsirli bilinərək Cinayət Məcəlləsinin 127.1 və 234.1-ci (narkotik maddələrin qanunsuz saxlanılması) maddəsi ilə ittiham edilir.   

Previous Post

JURNALİSTLƏR SABİQ NAZİRİN MƏHKƏMƏSİNƏ BURAXILMAYIB

Next Post

Sergey Strekalinin mehkemesi 24.06.2008

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.