JURNALİSTLƏR KASSASİYA ŞİKAYƏTİ VERİBLƏR

fevral 8th, 2008
Əli İnsanovun məhkəməsinə buraxılmayan 9 jurnalistin işi üzrə Apellyasiya məhkəməsinin çıxardığı qərardan kassasiya şikayəti verilib.

Bu barədə RATİ-yə məlumat verən  Hüquq Maarifçilik Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin sözlərinə görə, sənəd jurnalistlər tərəfindən imzalanıb və fevralın 6-sı Ali məhkəməyə təqdim olunub.
Xatırladaq ki, Elşad Məmmədov (“Yeni Müsavat”), Elşən Məmədəliyev (“Gündəlik Azərbaycan”), Təranə Kazımova (“Turan” İnformasiya Agentliyi), Fikrət Hüseynov (“Azadlıq”qəzeti), Çingiz Sultansoy (“Realnıy Azerbaydjan”), Hacı Zeynalov (“Ayna – Zerkalo”), Vazeh Mehdiyev (“Bakı-Xəbər”), Ramiz Nəcəfli (müstəqil jurnalist), Səbuhi Nəsibov (“Zerkalo”) Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə və həmin məhkəmənin hakimlərinə, o cümlədən Ədliyyə Nazirliyi Məhkəmə Nəzarətçiləri və İcraçıları İdarəsinə qarşı Avropa İnsan Hüquqları Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 10-cu (fikir ifadə etmək azadlığı) və 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozulması ilə əlaqədar Səbail Rayon Məhkəməsində iddia qaldırmışdılar. Məhkəmənin hakimi R. Əhmədov həmin mübahisənin Səbail rayon məhkəməsinə aid olmadığını əsas tutaraq, şikayəti geri qaytarmışdı.
     Daha sonra jurnalistlər şikayəti 28 mart 2007-ci il tarixdə Nəsimi rayon məhkəməsinə göndəriblər. Məhkəmənin hakimi H. Xəlilov şikayəti 11 aprel 2007-ci il tarixli qərardadı ilə geri qaytarmışdır. Və əsas  olaraq onu göstərmişdi ki, iddia ərizəsinin formasına və məzmununa riayət edilməyib. Həmin qərardaddan apellyasiya şikayəti verilmiş, 15 may 2007- ci ildə hakim İsmayıl Vəliyevin sədrliyi ilə baxılan şikayət rədd edilmişdir.
     Elan olunduqdan 5 gün ərzində tərəflərə göndərilməli olan qərardadı bu müddət ərzində almayan jurnalistlər işə baxan hakimlərin intizam məsuliyyəti ilə bağlı məsələnin həlli üçün Ali Məhkəməyə, Məhkəmə Hüquq Şurasına, Ədliyyə Nazirliyinə və Apellyasiya Məhkəməsinə müraciət etmişdilər.
     Bu müraciətdən sonra jurnalistlər Apellyasiya məhkəməsinin çıxardığı qərarı ala biliblər və məhz bu qərardan da şikayət verilib.