AJB LAYİHƏNİN YEKUNLARI İLƏ BAĞLI TƏDBİR KEÇİRİB

noyabr 3rd, 2009
Bu gün (3 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Azərbaycan Jurnalistlər Birliyi "Cənub bölgəsində jurnalistlərin hüquqi maarifləndirilməsi" layihəsinin yekunları ilə bağlı mətbuat konfransı keçirdi.

Layihənin koordinatoru Xaqani İbadov QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihəni həyata  keçirməkdə məqsədin cənub bölgələrində fəaliyyət göstərən yerli jurnalistlərin hüquqi biliklərinin artırılması və jurnalist peşəkarlığının vacibliyini və məsuliyyətini onlara aşılamaq olduğunu bildirib.

X. İbadov bununla bağlı Lənkəranda bölgə üzrə AJB-nin Media-Hüquq Mərkəzinin yaradıldığını və onun nəzdində  yerli jurnalistlər üçün hüquq kurslarının təşkil edildiyini, eləcə də jurnalistlərlə söz azadlığı və ondan irəli gələn hüquqi tənzimlənmə yollarının müzakirə edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Daha sonra çıxış edən AJB-nin məsul katibi Şahin Babayev bölgə mətbuatında dərc olunan qəzetlərin tirajının və əhalinin oxuculuq səviyyəsinin çox aşağı olduğunu bildirərək, çıxış yolu kimi dövlətin müdaxiləsinin vacibliyini göstərdi.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,352/lang,az/