ƏVƏZ ZEYNALLIYA QARŞI YENİ İTTİHAM İRƏLİ SÜRÜLÜB

 “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallıya qarşı
Cinayət Məcəlləsinin 213.1 (Xeyli miqdarda vergiləri və ya məcburi
dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə yeni
ittiham sürülüb.

Bu barədə bu gün (4 aprel)  Reportyorların Azadlıq və
Təhlükəsizlik İnstitutuna (RATİ) “Xural” qəzetinin direktoru Nizami
Həsənov məlumat verib. Onun sözlərinə görə, dünən vəkil Elçin Sadıqov
və müstəntiq Əvəz Zeynallının yanında olub və onu yeni ittihamla tanış
ediblər.
Nizami Həsənov onu da bildirdi ki, bir neçə gün əvvəl Əvəz Zeynallı
Azərbaycan Respublikası Vergilər Nazirliyi və Vergilər Nazirliyi
yanında Vergi Auditi Departamentinin qəzetə qarşı 22 fevral 2012-ci il
tarixli səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsinə dair
Bakı 1 saylı İnzibati İqtisadi Məhkəməsində iddia qaldırıb. İddia üzrə
hakim Elçin Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesi 17
aprel saat 17:00-a təyin edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi və Vergilər
Nazirliyi yanında Vergi Auditi Departamenti “Xural” qəzetinin həbsdə
olan baş redaktoru Əvəz Zeynallıya qarşı 22 fevral 2012-ci il tarixli
səyyar vergi yoxlaması aktı ilə 7251,20 (yeddi min iki yüz əlli bir
manat iyirmi qəpik) yoxlama zamanı guya azaldılmış vergi məbləği
yazılmış, 3625, 60 (üç min altı yüz iyirmi beş manat 60 qəpik) maliyyə
sanksiyası tətbiq etmişdir.
Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik,
2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Prezident
Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi
Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan
ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə,
oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub. Mətbəələr də
qəzeti çap etməkdən imtina etdiyinə görə, qəzet oktyabrın 21-dən
etibarən fəaliyyətini dayandırıb. Qəzetin baş redaktoru Əvəz Zeynallı
isə Milli Məclisin deputatı Gülər Əhmədovanın iddiası ilə oktyabrın
28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor
barəsində Cinayət Prosessual Məcəlləsinin 311.3.3 (külli miqdarda
rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma)
maddələri ilə cinayət işi başlanıb və Nəsimi rayon Məhkəməsinin qərarı
ilə haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, yanvarın
17-də isə bu müddət daha 3 ay artırıldı.
Previous Post

POLİTOLOQ QABİL HÜSEYNLİ İLƏ MÜSAHİBƏ

Next Post

XƏDİCƏ İSMAYILOVA: VİDEO ÇARX HAKİMİYYƏT TƏRƏFİNDƏN HAZIRLANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.