RATİ Azərbaycan hakimiyyətini korrupsiya ilə mübarizə aparan məşhur blogeri dərhal azad etməyə çağırır

dekabr 27th, 2018


Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) Azərbaycan hakimiyyətini özünün qatı tənqidçisi, korrupsiya ilə mübarizə aparan məşhur bloger, hüquq müdafiəçisi, həmçinin RATİ idarə heyətinin sədri Mehman Hüseynova qarşı yeni siyasi motivli cinayət işi açmasına görə kəskin qınayır və Əliyevlərin kleptokratik rejimini onu dərhal azad etməyə çağırır.

RATİ Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşlarının Mehman Hüseynovun siyasi motivli həbs müddətini qanunsuz olaraq uzatmaq məqsədilə ona qarşı həyasızcasına hazırlanmış uydurma təxribatından narahatçılıq keçirir.
Belə ki, dekabrın 26-da iki illik siyasi motivli həbs cəzasını çəkən Mehman Hüseynova qarşı yeni uydurulmuş “hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə” ittihamı irəli sürülüb. Buna görə onu əlavə yeddi il həbs cəzasına məhkum edə bilərlər. Yeni sifarişli cinayət işinin başlanılmasına baxmayaraq iki gündü vəkilləri Mehman Hüseynovun yanına buraxılmır.
Dekabrın 27-də qısa zəng hüququndan istifadə edən Mehman Hüseynov ailə üzvlərinə bildirib ki, onu karserə aparırlar və hakimiyyətin yeni təzyiqlərinə etiraz olaraq müddətsiz aclıq aksiyasına başlayır. Dekabrın 27-də bir neçə saat ərzində görüşə nail olmaq istəyən vəkil Şəhla Hümbətovaya həbsxana rəhbərliyi görüş verməkdən imtina edib və bunu jurnalistin karserə salınması ilə əsaslandırıb.
Yaranmış situasiya ilə əlaqədar RATİ həbsdə olan jurnalistin təhlükəsizliyindən narahatçılıq keçirir və hesab edir ki, İlham və Mehriban Əliyevlərin korrupsiyalaşmış və ağlını itirmiş cinayətkar hakimiyyəti Mehman Hüseynovun taleyinə görə şəxsən məsuliyyət daşıyır, çünki məhz onların düşmən münasibəti onun həyatına ciddi təhlükə yaradır.
RATİ hesab edir ki, jurnalistin həbsdən çıxmasına iki ay qalmış yeni cinayət işinin açılması Azərbaycandakı hakim rejimin korrupsiya mahiyyətinin ifşa edilməsinə görə qisasdan başqa bir şey deyil və yüksək rütbəli korrupsionerləri ifşa edənin azadlığa çıxmasının və fəaliyyətini davam etməsinin qarşısını bütün mümkün yollarla almaq məqsədi daşıyır.
RATİ əmindir ki, yeni cinayət işinin açılmasının arxasında demorkatiyanın və hakimiyyətin xalq qarşısında hesabatlılığının bütün mümkün normalarını pozaraq Azərbaycan prezidenti və vitse-prezidenti vəzifələrini tutan İlham və Mehriban Əliyevlər dayanır.
Məhz Mehman Hüseynovun prezident İlham Əliyevin 2017-ci ilin fevral ayında həyat yoldaşı Mehribanı birinci vitse-prezident təyin etməsini açıq tənqid etməsi ona qarşı cinayət işinin açılmasına və 2017-ci ilin martın 3-də iki il həbs cəzasına məhkum edilməsinə səbəb oldu.
“Mehman Hüseynova qarşı yeni ittihamlar rejimin Əliyevlərin dəyişilməz və cəzasız olaraq hakimiyyətdə qalması səbəbindən günü gündən artan kriminal, korrupsiyalaşmış mahiyyətindən irəli gəlir, deyə RATİ-nin icraçı direktoru, xaricdə sürgündə yaşayan hüquq müdafiəçisi və Mehman Hüseynovn doğma qardaşı olan Emin Hüseynov bildirib.
Mahiyyətcə mütəşəkkil cinayətkar qruplaşma olan, hər il öz xalqından milyardlarla dollar oğurlayan bügünki rejim nəyin bahasına olursa olsun tənqidçilərinin ağzını yummağa çalışır. Mehman Hüseynova qarşı yeni yalançı ittihamları faktiki olaraq 2018-ci ilin avqustun 6-da xəstəxanada müəmmalı və faciəli şəraitdə dünyasını dəyişən anamız Firəngiz Hüseynovanın ölümündə günahkar olan cinayətkar hakimiyyət irəli sürür.
Təəssüf ki, hakimiyyətin tanınmış tənqidçilərinin anasının siyasi səbəbdən qəsdən öldürülməsini araşdırmalı olan Azərbaycanın hüquq mühafizə orqanları və məhkəmə sistemi hakimiyyətin cəlladı və inkvizitoru rolunu yerinə yetirir.
Mehmanın ünvanına yeni siyasi motivli təqib barədə hədələr o açıq şəkildə anasının ölümündə hakim rejimi ittiham edəndən və hərtərəfli araşdırma tələb edəndən sonra daxil olmağa başladı.
İlham Əliyevin emissarları cari ilin avqust, sentyabr, oktyabr və noyabr aylarında Mehmanın yanına həbsxanaya gedərək onu ağıllanmayacağı və ölkə rəhbərliyinin ünvanına tənqidləri dayandırmayacağı təqdirdə hələ bir neçə il də həbsdə saxlamağa imkan verəcək yeni uydurulmuş cinayət işinin açılması ilə hədələyirdilər. Mehman Hüseynovun jurnalist və hüquq müdafiəçisi kimi fəaliyyətini dayandırmaqdan imtina etməsi ona qarşı yeni uydurma ittihamlara səbəb oldu.
Beynəlxalq tənqiddən yanınmaq üçün Milad və Yeni il bayramı vaxtı həyata keçirilən görünməmiş təxribat Azərbaycan hakimiyyətinə məxsus alçaq və qorxaq hiylədir. Bayramlara baxmayaraq beynəlxalq təşkilatlar və demokratik ölkələrin hökumətləri operativ şəkildə növbəti biabırçı repressiya aktını pisləməli və Mehman Hüseynovun dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırmalıdırlar.
RATİ Avropa Şurası baş katibini, Avropa Şurası Parlament Assambleyasının prezidenti və baş katibini, həmçinin Avropa Şurasının insan haqları üzrə komissarını Mehman Hüseynova biabırçı şəkildə divan tutulması cəhdini pisləməyə və tanınmış azərbaycanlı jurnalist, Azərbaycan hakimiyyəti tərəfindən avropalı siyasətçilərinin ələ alınması ilə bağlı korrupsiya qalmaqalı çərçivəsində korrupsiyaçıların ifşası ilə məşğul olan hüquq müdafiəçisinin müdafiəsinə durmağa çağırır.
RATİ həmçinin ATƏT-in baş katibi, ATƏT Parlament Assambleyasının prezidenti və baş katibi, ATƏT DİİHB direktoru, ATƏT-in söz azadlığı üzrə xüsusi nümayəndəsini tanınmış jurnalistə qarşı təzyiqləri pisləməyə və onun dərhal azad edilməsini tələb etməyə çağırır.
RATİ həmçinin UNESKO-nun baş direktorunu Mehman Hüseynovun təhlükəsizliyi ilə bağlı həyacanlı situasiyanı şəxsi nəzarətinə götürməyə və dərhal Mehman Hüseynovun təqib edilməsinin bilavasitə təşəbbüskarlarından biri olan Azərbaycanın birinci xanımı, birinci vitse-prezident Mehriban Əliyevanın ədalətsiz olaraq sahib olduğu xoşməramlı səfir statusundan məhrum edilməsi proseduruna başlamağa çağırırıq.
RATİ Avropa Komissiyasını və Avropa Parlamentini Azərbaycan hakimiyyətinin tanınmış tənqidçiyə qarşı kobud davranışını pisləməyə və Azərbaycanla AB arasında hərtərəfli strateji əməkdaşlıq müqaviləsinin hazırlanmasına dair bütün danışıqları dayandırmağa çağırır.
RATİ ABŞ, Kanada və Avropa Birliyi ölkələrini Azərbaycan prezidenti İlham Əliyevə, vitse-prezidenti Mehriban Əliyevaya, həmçinin valideynləri ilə birgə hakimiyyətin cinayət korrupsiya piramidasının başında dayanan qızları Leyla və Arzu Əliyevalara qarşı “Qlobal Maqnitski aktı”nın və oxşar hüquqi sanksiya mexanizmlərinin tətbiqinə başlamağa çağırır.
RATİ ABŞ, Britaniya, Danimarka, Estoniya və Azərbaycanın hakim elitasının çirkli pulların yuyulması və korrupsiya sxemlərini araşdıran digər ölkələrin hüquq mühafizə orqanlarını tez bir zamanda araşdırma aparmağa və Azərbaycanın hakim elitasının ağır maliyyə cinayətləri törətməkdə şübhəli bilinən nümayəndələrinin həbsinə beynəlxalq order verməyə, həmçinin Əliyevlər klanının cinayət yolu ilə əldə etdiyi beynəlxalq aktivlərinin həbsinə və dondurulmasına başlamağa çağırır.