Jurnalistlər Həmrəylik Gününü qeyd ediblər

sentyabr 9th, 2018


Bakı/08.09.18/Turan: Jurnalistlərin Beynəlxalq Həmrəylik Günündə ictimaiyyət nümayəndələri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun icraçı direktoru, mühacirətdə yaşayan Emin Hüseynovun və təşkilatın sədri, bloger, ötən il həbs olunmuş Mehman Hüseynovun anası Firəngiz Hüseynovanın məzarı önündə toplaşıblar. F.Hüseynova bir ay öncə xəstəxanada naməlum şəraitdə vəfat edib.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev tədbirdə çıxış edərkən deyib ki, adətən bu gün jurnalistlər ” Monitor ” jurnalının baş redaktoru Elmar Hüseynovun məzarı önündə toplaşırdılar. ” Bu dəfə belə qərara gəldik ki, Firəngiz xanımın məzarı önündə toplaşaq. Çünki faktiki olaraq o, söz azadılğı yolunda qurban gedib. Onun bir oğlu -Emin Hüseynov ölkəni tərk erməyə məcbur olub, kiçik oğlu Mehman həbs edilib. Firəngiz xanım buna görə çox əziyyət çəkirdi. Lakin onları seçdikləri yoldan döndərməyə məcbur etməyib. Təəssüf ki, iyulun 15-də xəstələnib və reanimasiyaya düşüb. Avqustun 6-da vəfat edib. Azərbaycan hakimiyyəti amansızlıq göstərərək Mehmanın xəstə anasına baş çəkməsinə icazə verməyiblər “, – M.Əliyev bildirib.

O qeyd edib ki, Emin və Mehman Hüseynovlar analarının ölümündə hakimiyyəti günahkar bilirlər. ” Onlar bunun qətl olduğunu bildirirlər. Bu günədək F.Hüseynovanın ölümünün səbəbləri ilə bağlı heç bir sənəd təqdim edilməyib. Bu, böyük şübhə doğurur. 2000-ci ildə mən həkimlərin günahına görə anamı itirdim. Bir neçə ildən sonra isə az qalmışdı atamı itirəm. Biz səhiyyə sistemindəki acınacaqlı vəziyyəti görmüşük, həm Rasim Əliyev, həm də Rafiq Tağı ilə bağlı. F.Hüseynovanın ölümündə də eynidir. Sanki məsələni ört-basdır etməyə çalışırlar. Mən tələb edirəm ki, onun ölümü ilə bağlı dəqiq informasiya verilsin. Əgər bunu etməsələr, deməli, ölümün arxasında hakimiyyət durur. Mən bunu belə qiymətləndirirəm “.

İ.Əliyev ölkədə medianın durumuna da toxunub : ” Bu gün jurnalistlər və blogerlər həbsxanalardadır, media təqiblərə məruz qalır. Burada, Firəngiz xanımın məzarı önündə də medianın durumu bəlli olur. Media nümayəndələri yoxdur. Ölkədə media məhv edilib və bu, reallıqdır. Bu siyasətə son qoymaq lazımdır”.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı da səhiyyə probleminə toxunub: ” Azərbaycan xalqına xidmət edəcək səhiyyə yoxdur. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi yaralandıqdan dərhal sonra İsrailə apardılar. Baş nazirin müavini dişlərini Almaniyada müalicə etdirir. Sadə xalq nə etməlidir? Pasiyenti nəzarətsiz qoymaq onun canına qəsd etməkdir. Emin və Mehman Hüseynovun analarının ölümü ilə bağlı şübhələr var, bu, araşdırılmalıdır. Bunun sifariş, yoxsa həkim səhlənkarlığı olduğunu bilmək lazımdır. Belə versiya var ki, Firəngiz xanımın tibbi sənədləri onun ölümünün səbəbləri haqda rəy yazmaq üçün müstəqil tibbi ekspetlərə təqdim olunmalı idi. Bəlkə buna görə sənədlər mərhumun yaxınlarına verilmir. Biz müraciət hazırlamalıyıq, onu imzalamalıyıq, Səhiyyə Nazirliyi isə Firəngiz Hüseynovanın ölümü məsələsinə aydınlıq gətirməlidir”, – Ə.Zeynallı bildirib.

http://www.contact.az/ext/news/2018/9/free/Social/az/74905.htm