“AYAN” QƏZETİNƏ QARŞI APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (2 dekabr) Bakı Apellyasiya məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə “Viləşçay” Su Anbarının direktoru Ağabəy Ağayevin “Ayan” qəzetinə qarşı qaldırdığı iddia üzrə Nəsimi rayon məhkəməsinin çıxardığı qərardan verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə iddiaçının nümayəndəsi İlham Əhmədov, cavabdeh tərəfdən isə “Ayan” qəzetinin təsisçisi və baş redaktoru Cavid Ələsgəroğlu və onun nümayəndəsi, Media Hüququ İnstitutunun vəkili Elçin Sadıqov iştirak edirdi.
Elçin Sadıqov “1000 nəfərin həyatı təhlükədədir” başlıqlı məqalənin Ağabəy Ağayevin özü haqqında deyil, onun iş fəaliyyəti ilə bağlı yazıldığını bildirdi. Buna görə də şərəf və ləyaqətin alçıldılması iddiasının əsassız olduğunu qeyd edən E. Sadıqov şikayətin təmin edilməməsini xahiş etdi.
Hakim şikayətin təmin olunmaması haqqında qərar qəbul etdi.
Xatırladaq ki, Heydər Əliyev adına “Viləşçay” Su Anbarının direktoru Ağabəy   Ağayev “Ayan” qəzetində dərc olunmuş “1000 nəfərin həyatı təhlükədədir” başlıqlı yazıda gedən fikirləri böhtan hesab edərək qəzetin  50 min manat cərimə edilməsi və təkzib verməsi ilə bağlı iddia qaldırmışdı. Lakin Nəsimi rayon məhkəməsinin 9 oktyabr tarixli qərarına əsasən iddia əsassız hesab edilərək, təmin olunmamışdı. İddiaçı tərəf qərarla razılaşmadığı üçün apellyasiya şikayəti vermişdi.
Qeyd edək ki, “Ayan” qəzeti 2008-ci ilin noyabr ayında fəaliyyətə başlayıb və həftədə bir dəfə dərc olunan qəzetin çapında bir neçə dəfə fasilə olub. Qəzet rəhbərliyi qəzetin nəşrindəki fasilələrin maliyyə çətinliyi ilə bağlı olduğunu bildiriblər.

Previous Post

ELAN!

Next Post

“RUH” AZƏRBAYCAN JURNALİSTLƏRİNİN MÜDAFİƏ KOMİTƏSİ SORĞU KEÇİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.