XULİQANLIQDA TƏQSİRLİ BİLİNƏN MÜXBİRİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (7 fevral) Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun və İlham Həsənovun  sədrliyi ilə Abşeron rayon Ceyranbatan qəsəbəsinin bir qrup sakininin – İdris Zeynalov və İmran Novruzovun Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə “Güzgü” qəzetinin müxbiri Kamran Bəyəliyevə (Kamran Səxavət) qarşı irəli sürdükləri ittiham  üzrə Qubadlı rayon Məhkəməsinin 02 noyabr 2010-cu il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bu barədə bu gün  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) K.Bəyəliyevin özü məlumat verib.  

K.Bəyəliyevin sözlərinə görə, məhkəmədə qarşı tərəfdən  İdris Zeynalov və İmran Novruzov, məhkəmə qərarından şikayətçi qismində isə özü və vəkili Vüqar Xasayev iştirak ediblər.

K. Səxavət çıxışında heç kimə qarşı fiziki güc tətbiq etmədiyini, ona atılan böhtanın əsassız olduğunu və bütün bunların peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Abşeron rayon məhkəmə tibbi ekspertizasının patoloji anatomiya şöbəsinin müdiri Loğman Abbasov çıxışında verdiyi ekspertiza rəyini təsdiq etdiyini deyib.

Bundan sonra hakim növbəti prosesi 21 fevral saat 11:00-a təyin etdi.

Xatırladaq ki,  2009-cu il sentyabr ayının 11-də axşam saat 11 radələrində  “Güzgü” qəzetinin müxbiri Kamran Bəyəliyev ilə Ceyranbatan qəsəbəsinin girişində  Bakı-Sumqayıt magistral yolun üstündə  Sabir Qafarova məxsus kafeni icarəyə götürmüş İdris Zeynalov və İmran Novruzov  arasında mübahisə yaranıb. Mübahisə  icarədarların K.Bəyəliyevdən işlətdikləri kafe barədə yazıları  dayandırmağı tələb etmələri ilə başlanıb.  Baş verən hadisə ilə bağlı K.Bəyəliyev haqqında məhkəməyə şikayət edilib. Məhkəmə Bəyəliyev barədə 1 il müddətinə şərti həbs cəzası hökmü çıxarıb.

 “Güzgü”  qəzeti 1992-ci il iyul ayının 22-dən ayda 1 və ya 2 dəfə çap olunan iqtidaryönlü satirik nəşrdir.

Previous Post

KOMMUNAL SEKTORUN PROBLEMLƏRİNİN HƏLLİ YOLLARI TƏKLİF EDİLDİ

Next Post

KİV-Ə DÖVLƏT DƏSTƏYİ FONDU RƏHBƏRİNİN İDDİASI İLƏ QƏZET CƏRİMƏLƏNDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.