AXCP sədrinin müşaviri həbsdə saxlanıldı

memmed-ibrahim

Xülasə: 2-ci məhkəmə

  • • Məmməd İbrahimin vəkili çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini istəyib;
    • Cəzaçəkmə müəssisəsinin əməkdaşı Tacəddin Məsimov çıxış edərək Məmməd İbrahimin azadlığa buraxılmasının məqsədə uyğun olmadığını bildirib;
    • Məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.

Dekabrın 29-da Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə AXCP sədri Əli Kərimlinin müşaviri Məmməd İbrahimin cəzasının 1/3-ni çəkdiyi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı şikayətinə baxılıb.

Məhkəmə iclasında Məmməd İbrahim də iştirak edib.

Məmməd İbrahimin vəkili Yalçın İmanov hüquqlarını müdafiə etdiyi şəxsin buraxılmaması üçün Suraxanı Rayon Məhkəməsinin (işə baxan hakim Elçin Ağayev) qərarında göstərilən səbəblərin tamamilə əsassız olduğunu bildirib.

Vəkil, Məmməd İbrahimin ona təyin olunmuş cəzanın 1/3-ni çəkdiyi üçün qanunvericiliyə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməli olduğunu deyib. Vəkil məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini istəyib.

Daha sonra Məmməd İbrahimin saxlanıldığı 16 saylı Cəzaçəkmə Müəssisəsində üçüncü dəstənin rəhbəri Tacəddin Məsimov çıxış edərək Məmməd İbrahimin azadlığa buraxılmasının məqsədə uyğun olmadığını bildirib. O, Məmməd İbrahimin müəssisədə tədbirlərdə iştirak etmədiyini, özünü məhkumlar arasında qeyri-səmimi apardığını, cəzaçəkmə müəssisəsində öz yerini yığmadığını və bir dəfə də olsun əlinə süpürgə alıb müəssisədə yeri süpürmədiyini deyib.

Vəkil Yalçın İmanov cəzaçəkmə müəssisəsinin əməkdaşından Məmməd İbrahimin konkret hansı məhkumlar arasında özünü qeyri-səmimi apardığını soruşub. Tacəddin Məsimov suala cavab verə bilməyib.

Prokuror çıxış edəərk müəssisə əməkdaşının rəyinin əsas götürülməli olduğunu deyib və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını istəyib.

Məhkəmə kollegiyası qısa müşavirədən sonra apellyasiya şikayətinin təmin edilmədiyini bildirib.

Previous Post

Bayram Məmmədova verilmiş rüsvayçı 10 il həbs cəzası ölkədə ədalətsizliyin tüğyan etməsinin göstəricisidir

Next Post

Rasim Əliyevin ölümü ilə bağlı həbs edilənlərin məhkəməsi olub

Start typing to see posts you are looking for.