Rasim Əliyevin ölümü ilə bağlı həbs edilənlərin məhkəməsi olub

• Arif Əliyev və Samir Mustafayev apellyasiya şikayətlərindən imtina ediblər;
• R.Əliyevin hüquqi varisi Teyfurə Əliyeva məhkumlara ən ağır cəza verilməsini istəyib;
• Məhkum Elşən İsmayılov jurnalistin ölümündə özünü təqsirli bilmədiyini deyib

Martın 1-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin döyülüb öldürülməsinə görə həbs olunan Elşən İsmayılov, Arif Əliyev, Camal Məmmədov, Kənan Mədətov və Samir Mustafayev barəsində olan hökmdən həmin şəxslərin vəkilləri tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə məhkəmənin növbəti iclası keçirilib.

Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında məhkum Arif Əliyev vəkili Fəxrəddin Səfərov tərəfindən, məhkum Samir Mustafayev isə vəkili Bəxtiyar Hacıyev tərəfindən verilmiş apellyasiya şikayətlərindən imtina etmələri barədə ərizə veriblər. Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən Arif Əliyevin hüquqlarını Fəxrəddin Səfərov, Samir Mustafayevi isə Bəxtiyar Hacıyev müdafiə edib. Apellyasiya şikayətini də həmin vəkillər veriblər. Apellyasiya instansiyasında isə adları çəkilən iki nəfər də daxil, dörd məhkumun hüquqlarını Şəmsəddin Quliyev, Kənan Mədətovun hüquqlarını isə vəkil Rəsul Yusifbəyli müdafiə edir. S.Mustafayev və A.Əliyev vəkilləri Şəmsəddin Quliyev tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini istəyiblər.

İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Teyfurə Əliyeva məhkumların hamısına ən ağır cəzanın verilməsini istəyib: “Bu adamlar oğlum Rasim Əliyevin qatilidirlər. Bu, birmənalı təsdiq olunub. Onlar təşkil olunmuş cinayəti törədiblər. Dediklərindən belə çıxır ki, “Biz Rasim Əliyevi döymüşdük, amma həkimlər qurtarmalı idi”. Mən bunlara da, həkimlərə də ən ağır cəzanın verilməsini istəyirəm. Rasim Əliyevin ölümündə həm bu beş nəfərin, həm də həkimlərin günahı var. Hamısının oğlumun ölümündə iştirakı var”.

Daha sonra məhkum K.Mədətovun vəkili Rəsul Yusifbəyli çıxış edərək müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib: “Bakı Ağır Cinayətlər Məhkəməsində işə başdansovdu yanaşılıb. Təqsirləndirilən tərəflə zərərçəkmiş tərəfin fikirləri çox nadir hallarda üst-üstə düşür. Bu işdə biz də, zərərçəkən də həkimlərin məsuliyyətə cəlb olunmasını tələb edərək bu barədə vəsatətlər qaldırmışıq. Lakin təssüf ki, vəsatətlərimiz təmin edilməyib. Həkimlər məsuliyyətdən kənarda saxlanılıblar. Müdafiə etdiyim Kənan Mədətov 9 il müddətinə azadlıqdan məhrum edilib. Lakin onun təqsiri sübuta yetirilmədi O, heç bir günahı olmadan ağır cəza çəkir. Hadisənin baş verdiyi yerdə kamera görüntüləri var, ona baxılsa, K.Mədətovun Rasim Əliyevə toxunmadığı aşkar görünər. K.Mədətov digər məhkumlardan yalnız Elşən İsmayılovu tanıyır, E.İsmayılov da onu söhbət etməyə çağırıb. K.Mədətova söhbətin nə olduğu deyilməyib. Rasim Əliyevin ölümünün səbəbi həkim səhlənkarlığıdır. R.Əliyev döyüldükdən sonra xəstəxanada dostları ilə danışıb, müsahibə verib”.

Daha sonra digər dörd nəfərin vəkili Şəmsəddin Quliyev çıxış edib: “Mən müdafiə etdiyim şəxsə oğlum kimi yanaşıram. Əgər onların kimisə öldürmək niyyəti olsaydı, mən heç onları müdafiə etməzdim. Rasim Əliyevin ölümü həkimlərin səhlənkarlığının nəticəsidir. Mən birinci instansiya məhkəməsində də vəsatət verdim ki, həkimlər gəlib dindirilsinlər, amma məhkəmə həkimləri çağırıb dindirmədi. Ekspertiza rəylərində xeyli səhvlər var, araşdırılmadı”.

Vəkil hadisədən sonra Rasim Əliyevin xəstəxanada çəkilmiş rentgen şəkillərinin alınıb araşdırılması barədə vəsatət verib. Lakin vəsatət prosesdə iştirak etməyən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Fariz Namazlının da iştirakı ilə müzakirə olunmaq üçün növbəti məhkəmə iclasına saxlanılıb.

Daha sonra məhkumlar vəkillərinin apellyasiya şikayətinə münasibət bildiriblər. Kənan Mədətov və Arif Əliyev vəkilləri ilə razı olduqlarını və əlavələrinin olmadığını deyiblər.

Jurnalist R.Əliyevin ölümündə adı təşkilatçı olaraq hallanan futbolçu Cavid Hüseynovun bibisi oğlu, məhkum Elşən İsmayılov jurnalistin ölümündə özünü təqsirli bilmədiyini deyib: “Mən birinci instansiya məhkəməsində yetərincə danışmışam. Ancaq məhkəmə əhəmiyyət vermədi. Kamera görüntüləri var, orada hər şey görünür. Mənə ittiham veriblər ki, guya pulqabı götürmüşəm. Elə bir şey olmayıb. Mən özümü ancaq dalaşmaqda günahkar bilirəm. Rasim Əliyevin ölümündə günahkar deyiləm. Heç onun ölümündə mənim günahım sübuta yetirilmədi də. Deyirlər guya qruplaşma olub. Qabaqcadan kim kimə deyir ki, gəl gedək, mənim fikrim var adam öldürüm?! Buna hansı axmaq razı olar? Bizim ailəmiz var, ən azı, onları düşünürük. Bu iş barədə prezidentə düzgün məlumat çatdırmayıblar. Mən apellyasiya şikayətinə əlavədə də yazmışam ki, müstəntiq işi düz aparmayıb. Müstəntiqin hərəkətlərinə hüquqi qiymət verilməsini istəmişəm”.

Məhkum Camal Məmmədov da çıxış edərək Azərbaycanda ədalətə nail olacağına inanmadığını deyib: “Bu işi aparmış müstəntiq Kamran Məmmədov dedi ki, “İş yuxarıdan tapşırılıb, bizlik deyil”. Kənan Mədətov və Samir Mustafayev ümumiyyətlə, buraxılmalıydılar, çünki onların heç bir günahı yoxdur. Bir təpiyə görə mənə 11 il veriblər. Vəkillər nə qədər çıxış edir, amma prokuror durub bir kəlmə ilə deyir “Təmin olunmasın” və təmin olunmur. Mən haqqa inanmıram. Məhkəmə başqa ölkədə olsaydı inanardım, amma burada ədalət gözləmirəm”.

Məhkəmənin növbəti iclası 15 mart tarixinə saat 14:30-a təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2016-cü il tarixli hökmü ilə Elşən İsmayılov 13, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11, Kənan Mədətov və Samir Mustafayev isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Jurnalist Rasim Əliyev 2015-ci ilin avqustun 8-də bir qrup şəxs tərəfindən döyüldükdən sonra xəstəxanaya yerləşdirilib. Avqustun 9-da gecə xəstəxanada vəfat edib. Bu cinayət işilə əlaqədar altı nəfər həbs olunub. Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsilə təqsirli biliniblər. Elşən İsmayılov və Arif Əliyev hadisə yerindən mərhum jurnalistin telefonu və pul kisəsinin götürülməsi ilə əlaqədar həm də Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsilə təqsirli biliniblər.

“Qəbələ” futbol komandasının kapitanı Cavid Hüseynova isə Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan edilib və o həbs olunub. İstintaqın sonunda Cavid Hüseynovun işi ayrılaraq ayrıca icraata verilib. Səbail rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib. Lakin Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli qərarı ilə o, azadlığa buraxılıb.

Previous Post

AXCP sədrinin müşaviri həbsdə saxlanıldı

Next Post

Ali məhkəmə AXCP fəalının həbs müddətini azaltdı

Start typing to see posts you are looking for.