ƏVƏZ ZEYNALLI MƏHKƏMƏSİNDƏ SON SÖZÜNƏ BAŞLADI

Noyabrın 20-də Bakı Ağır Cinayətlər məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Ramella Allahverdiyeva ötən prosesdə Əvəz Zeynallıya məxsus telefon nömrələrinə “Azercell” və “Bakcell”-dən gələn mesaj və zənglərin siyahısının məhkəməyə təqdim olunması ilə bağlı həmin şirkətlərə sorğu ilə müraciət edilməsi barədə vəsatətin təmin edildiyini bildirib. Daha sonra o, baş redaktora  ifadə verməyi təklif edib.

Əvəz Zeynallı isə Gülər Əhmədovanın prosesdə iştirak etməsi ilə bağlı növbəti dəfə müraciət etsə də, hakim sabiq deputatın artıq ifadə verdiyini bildirib.
Baş redaktor ifadəsində həbsinin siyasi motivli, mətbuat və söz azadlığı ilə bağlı olduğunu deyib. O, “Xural” qəzeti fəaliyyətdə olduğu dövrdə dəfələrlə yüksək çinli məmurlar tərəfindən dəfələrlə məhkəməyə verildiyini, 2010-cu ilin iyun ayında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, iyulda isə KİVDF prezidenti Vüqar Səfərli tərəfindən qəzetə qarşı iddia qaldırıldığını qeyd edib.  “Xural” gündəlik nəşrə başlayanda Mətbuat Şurası tərəfindən “qara siyahı”ya salındığını bildirən baş redaktor  2011-ci ilin 19 oktyabr tarixində əmlakının Ramiz Mehdiyevin iddiası əsasında müsadirə olunduğunu, 20 oktyabrda isə qəzetin nəşrinə siyasi qadağa qoyulduğunu əlavə edib.
Hakim Ramella Allahverdiyeva Əvəz  Zeynallının ifadəsinin sabah davam edəcəyini deyərək, prosesi 21 noyabr saat 10:00-a təyin etdi.  
Xatırladaq ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 (Külli miqdarda rüşvət alma) və 311.3.4-cü (Hədə qorxu tətbiq olumaqla rüşvət alma) maddələri ilə ittiham edilir.

Previous Post

AVROPA İTTİFAQININ TƏMSİLÇİLƏRİ HİLAL MƏMMƏDOVUN AİLƏ ÜZVLƏRİ İLƏ GÖRÜŞÜBLƏR

Next Post

ƏVƏZ ZEYNALLI İFADƏ VERMƏYƏ BAŞLADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.