ƏVƏZ ZEYNALLININ VƏSATƏTİ YENƏ DƏ TƏMİN EDİLMƏDİ

iyun 7th, 2012
İyunun 6-da  “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Əvəz Zeynallı vəsatətlə çıxışıb edib. O əleyhinə olan bütün sübutları əsassız adlandıraraq hər hansı bir cinayət törətmədiyini bildirib. Zeynallı Gülər Əhəmdovanın şikayəti əsasında açılmış cinayət işinin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən tövsif edilməsini və bu aidiyyat üzrə baxılması üçün işin rayon məhkəmələrindən birinə göndərilməsini xahiş edib. Hakim isə vəsatətdə qaldırılmış məsələlərin məhkəmənin gedişində araşdırılacağını, hazırkı mərhələdə isə vəsatətin təmin olunmadığını bildirib.
Dövlət ittihamçısı Ramazan Hadıyev Əvəz Zeynallıya qarşı irəli sürülmüş ittiham hökmünü elan etdikdən sonra hakim prosesin 14 iyun saat 15:00-a qədər təxirə salındığını bildirib.
Xatırladaq ki, YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti əsasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb və 2011-ci il oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. 2012-ci il yanvar ayının 17-də baş redaktorun həbs 3 ay, aprelin 12-də isə 1 ay müddətinə uzadılıb.