“AZADLIQ” QƏZETİNİN MÜXBİRİ AZADLIĞA BURAXILIB

aprel 22nd, 2009
Bu gün (22 aprel) Gəncə şəhər Apellyasiya Məhkəməsində “Azadlıq” qəzetinin Gəncə üzrə bölgə müxbiri Ərşad İbrahimovun verdiyi şikayətə baxılıb və Nizami rayon Məhkəməsinin qərarı ləğv edilib.

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin vəkili Əlayif Həsənov verib. Onun sözlərinə görə jurnalist məhkəmə zalından azadlığa buraxılıb.
Ərşad İbrahimov isə RATİ-nin müxbiri ilə söhbət zamanı bildirib ki, onun həbsinin səbəbi "Gəncədə Eldar Əzizov yaşıllıqları məhv edir" adlı yazısı olub. Jurnalistin sözlərinə görə, həmin məqalə dərc edildikdən sonra Gəncə şəhər icra hakimi Eldar Əzizovun sifarişi ilə Nizami Rayon Polis İdarəsinin rəisi Ağahüseyn Məmmədov tərəfindən tutulub.
Ə. İbrahimov həmçinin təcridxanada olduğu müddətdə bədəninin xora səpdiyini və psixoloji təsirlərə məruz qaldığını vurğulayıb.
Xatırladaq ki, 17 aprel 2009-cu il tarixində “Azadlıq” qəzetinin Gəncə üzrə bölgə müxbiri Ərşad İbrahimov Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin (RPİ) əməliyyat istintaq şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilib və ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 310-cu (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə məsuliyyətə cəlb olunub. Elə həmin gün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Zəki Babayev jurnalisti həmin maddə ilə təqsirli bilərək 10 sutka müddətinə azadlıqdan məhrum etmişdi.