Azərbaycanın hakimiyyət orqanlarının internetə tətbiq etdiyi nəzarət narahatlıq doğurur

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu gün Bakı məhkəmələrindən biri tərəfindən həbsdə olan blogger və hüquq müdafiəçisi Mehman Hüseynovun məruz qaldığı qeyri-insani rəftarla bağlı verdiyi şikayətin təmin olunmamasını qətiyyətlə pisləyir. Məhkəmə qərarı hökumətin ölkədə tənqidi xəbər saytlarını bloklamasından 24 saatın belə keçmədiyi bir vaxta təsadüf edir.

“Hökumət tərəfindən heç bir izahat verilmədən və ya məhkəmə qərarı olmadan saytların kütləvi şəkildə bloklanması həm qeyri-qanuni, həm də əsassızdır,” deyə RATİ-nin baş icraçı direktoru Emin Hüseynov bildirib. “Tənqidi saytlara girişin bloklanması hallarının geniş vüsət aldığı bir vaxtda Azərbaycanlı bloggerin dəmir barmaqlıqlar arxasında olması Azərbaycanın eynən Belarus və ya Çinə bənzədiyinin bir göstəricisidir. Mehmanın korrupsiya və ədalətsizlik hallarını internetdə ictimailəşdirmək fəaliyyətini nəzərə alaraq hesab edirik ki, bu iki hadisə bir-biri ilə sıx əlaqəlidir,” deyə Hüseynov vurğulayıb.

Martın 28-də, RATİ sədri və populyar blogger Mehman Hüseynov yenidən məhkəmə qarşısına çıxarılıb. Səbail Rayon Məhkəməsində Bakı prokurorluğunun Mehmanın işgəncəyə məruz qaldığı ilə bağlı iddialarını araşdırmamaq qərarından verilmiş şikayətə baxılıb. Məhkəmə müttəhimin vəkilləri tərəfindən verilən vəsatətləri təmin etməmək ənənəsini davam etdirib. Sədrlik edən hakim Aytən Əliyeva isə bütövlükdə şikayəti təmin etməyib.

Məhkəmə iclasında üç mühüm vəsatət irəli sürülüb. Vəkillər məhkəmə tərəfindən onlara təqdim olunmuş 134 səhifəlik istintaq sənədi ilə tanış olmaq üçün daha çox vaxtın verilməsi ilə bağlı vəsatət qaldırıblar. Hakim vəsatəti rədd edərək vəkillərə istintaq sənədini nəzərdən keçirib başa düşmək üçün 30 dəqiqə vaxt verib.

Vəkillər daha sonra iş üzrə şahidlərin çağırılıb ifadə vermələri barədə vəsatət veriblər. Hakim bu vəsatəti də rədd edib. Vəkillərin tibbi ekspertlərin rəyinin məhkəmə tərəfindən qəbul edilməsi barədəki vəsatəti də hakim tərəfindən təmin olunmayıb.

Martın 27-i axşam saat 5-də Azərbaycan hökuməti azadlig.info (Azadlıq qəzetinin saytı) və azadliq.org (Azadlıq Radiosunun saytı) saytlarına girişə blok qoyub. Görünür, bu addım martın 10-da qəbul olunmuş və hökumətə internet saytlarını dərhal bağlamaq, səbəbini isə daha sonra izah etmək imkanı verən qanun layihəsinin tətbiqi ilə bağlıdır. Adıçəkilən qanun layihəsi Azərbaycanlıların ifadə azadlığına 2014-cü ildən və ondan da əvvəldən tətbiq edilən basqıların son vaxtlar daha da intensivləşməsinin daha bir nümunəsidir.

BMT-nin İnsan Hüquqları Şurası 2012-ci ildən bu yana insanların rəqəmsal hüquqlarını təsdiqləyən iki qətnamə qəbul edib. Bunların sırasına 2016-cı ildə qəbul olunmuş, “insan hüquqları üzrə beynəlxalq hüquqa zidd olaraq informasiyanın onlayn rejimdə yayılmasının və ya ona çatımlılığın qəsdən qarşısını alan və ya pozan tədbirləri birmənalı şəkildə pisləyən və bütün Dövlətləri bu cür tədbirlərdən çəkinməyə və onlara son verməyə çağıran” həlledici qətnamə də daxildir.

“Müasir dövrdə internet azadlığı sağlam demokratiyanın ayrılmaz bir hissəsidir. Biz hökumətin internet üzərindəki hökmranlığını bu qanunun etdiyi kimi gücləndirməli deyil, zəiflətməliyik,” deyə RATİ-nin baş icraçı direktoru və həmtəsisçisi Emin Hüseynov qeyd edib.

Biz Azərbaycan hökumətini internet azadlığına ciddi nəzarətini azaltmağa və internetdə fikrini sərbəst ifadə etdiyi üçün hədəf alınan Mehman Hüseynovu azadlığa buraxmağa çağırırıq.
Biz həmçinin beynəlxalq təşkilatları Azərbaycan hökumətinə təzyiq göstərməyə və onu repressiv əməllərinə görə cavabdehliyə cəlb etməyə çağırırıq.

Previous Post

Mehman Hüseynovun həbsinə dair mətbuat konfransı

Next Post

Hüquq müdafiəçisinin atası polisə çağırıldı

Start typing to see posts you are looking for.