ƏDLİYYƏ NAZİRLİYİ “HÜQUQ VƏ İNKİŞAF” İCTİMAİ BİRLİYİNƏ XƏBƏRDARLIQ EDİB

Bu gün (18 iyun) “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə çağırılıb və ona Nazirliyin “Hüquq və İnkişaf” İctimai Birliyinə xəbərdarlıq məktubu təqdim edilib.

Xəbərdarlıq üçün əsas kimi dəyişiklik edilmiş reyestr məlumatlarının qeydiyyat orqanına təqdim edilməməsi göstərilib.

“Hüquq və İnkişaf” İctimai Birliyindən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) daxil olan bəyanatda bildirilir ki, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi 19 aprel 2010-cu il tarixdə, əvvəlcədən rəsmi yazılı məlumat vermədən “Hüquq və İnkişaf” İctimai Birliyində yoxlamalara başlayıb. Həmin gün təşkilatın ofisində yoxlama aparan Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşları müvafiq sənədlərin surətlərini özləri ilə götürərək, yoxlamanın Ədliyyə Nazirliyində davam etdiriləcəyini bildiriblər.

“Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi konsepsiyasının qəbul edildiyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradıldığı indiki vaxtda cəmi 5 il fəaliyyət göstərən “Hüquq və İnkişaf” İctimai Birliyində qəfildən belə yoxlamanın aparılması və cəzalandırılması başadüşülən deyil.

 “Hüquq və İnkişaf” İctimai Birliyi hesab edir ki, bu xəbərdarlıq qanuni əsaslara söykənmir və əslində müstəqil fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına təzyiq vasitəsidir. Ötən dövrdə müstəqil fəaliyyət göstərən bəzi qeyri – hökumət təşkilatlarına da eyni “əsaslar” üzrə təzyiqlər göstərilməsi bunu bir daha təsdiq edir.

“Hüquq və  İnkişaf” İctimai Birliyi bildirir ki, Ədliyyə Nazirliyi tərəfindən edilən xəbərdarlıq daha çox bu təşkilatın müstəqil fəaliyyəti, habelə seçkilər sahəsində həyata keçirdiyi layihələrlə bağlıdır. Bu xəbərdarlığın seçkilər ərəfəsində verilməsi də bunun təsadüfi olmadığı qənaətini yaradır.

“Hüquq və  İnkişaf” İctimai Birliyi bəyan edir ki, bu hal ölkədə birləşmək hüququnun və fəaliyyət azadlığının növbəti dəfə məhdudlaşdırılmasıdır və təşkilat öz hüquqlarını bütün qanuni vasitələrlə, o, cümlədən məhkəməyə müraciət etməklə müdafiə edəcək!

Biz bu yöndə bütün yerli və beynəlxalıq vətəndaş cəmiyyəti təşkilatlarını “Hüquq və İnkişaf” İctimai Birliyinə dəstək olmağa çağırırıq!” – deyə bəyanatda bildirilir. 

Previous Post

“YENİ MÜSAVAT” QƏZETİNƏ QARŞI XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİA İCRAATA QƏBUL EDİLMƏDİ

Next Post

POLİS AZADLIQ BLOKUNUN MİTİNQİNİ YENƏ DAĞITDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.