ƏVƏZ ZEYNALLININ AZADLIĞA BURAXILMASI ÇAĞIRIŞI İLƏ İMZA TOPLAMA KAMPANİYASINA BAŞLANILDI

Bu gün “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsdən azad edilməsi və hüquqlarının bərpası çağırışı ilə prezident İlham Əliyevə ünvanlanmış müraciətlə bağlı imza toplanma kampaniyasına başlanılıb.
RATİ-nin Mətbuat  Mərkəzində kampaniyanın başlanmasına həsr olunmuş brifinqdə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri  Emin Hüseynov bildirib ki, istənilən vətəndaş bu  müraciəti imzalaya bilər.  

İmza toplanışı Facebook, E-mail və çap versiyasında həyata keçirilir.
Müraciətin mətnində deyilir: “Cənab prezident, sizi “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsdən azad edilməsinə və hüquqlarının bərpasına çağırırıq. Keçmiş deputat Gülər Əhmədovadan rüşvət istəmə ittihamı üzrə Əvəz Zeynallını 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Eyni zamanda G.Əhmədovanın Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevdən onun deputat seçilməsi üçün 1 milyon tələb etməsi barədə videosüjet bütün KİV-ə yayımlanıb. Əvəz Zeynallıya qarşı irəli sürülmüş ittihamın ləğvinin, ona dəyən maddi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsinin vaxtı çatıb”.
İmza toplanışı 10 gün davam edəcək, sonra sənəd prezidentə göndəriləcək.
Belə ki, G.Əhmədova redaktor tərəfindən şantaja məruz qaldığını, redaktorun ondan pul tələb etdiyini bildirib. Onun ərizəsi əsasında 2011-ci il oktyabrın 28-də Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Ə.Zeynallının barəsində CM-in 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi qaldırıb.
Habelə, hazırda Gülər Əhmədova özü korrupsiya subyektinə çevrilib. Ötən həftə o deputat mandatından məhrum edilib. Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevi qanunsuz yolla parlamentə deputat seçdirmək üçün ondan  külli miqdarda rüşvət istəyib. Baş Prokurorluq onun barəsində 178.3.2-ci maddə  (dələduzluq) ilə cinayət işi qaldırıb.

Previous Post

QƏZALI BİNA, ÇİRKAB SULARI VƏ MÜLKİYYƏT HÜQUQLARI

Next Post

İLQAR RZAYEVİN APELLYASİYA ŞİKAYƏTİNƏ BAXILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.