ƏVƏZ ZEYNALLIYA PASPORT VERİLMİR, HABELƏ BAŞ REDAKTOR HƏDƏLƏNİR

Bu gün (30 iyul) "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı RATİ-nin mətbuat mərkəzində ona  ümumvətəndaş pasportunun (xarici pasport) verilməməyi və millət vəkili Aynur Camalqızının həyat yoldaşı İlqar Əliyev  tərəfindən  hədələnməsi ilə bağlı mətbuat konfransı keçirdi.


Baş redaktor hesab etdi ki, ona şəxsiyyət vəsiqəsinin verilməməyinin səbəbi onun xarici səfərlərinin qarşısını almaq məqsədini güdür: "Bu günlərdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla azərbaycanlı və gürcüstanlı redaktorların müsahibəsi gözlənilir. Mən də "Xural" qəzetinin baş  redaktoru kimi layihə çərçivəsində baş nazirlə müsahibəyə dəvət almışam. Əgər mənə pasport verməsələr mən bu layihədə iştirak edə bilməyəcəyəm".

 Bu səfərdə iştirak etmək üçün pasport almaq istəyən Ə. Zeynallı Daxili İşlər Nazirliyi Pasport Qeydiyyat İdarəsinə müraciət edib. Həm də o, şəxsiyyət vəsiqəsini  3 gün ərzində almaq üçün 120 AZN rüsumu da ödəyib: "Ötən həftənin cümə günü pasportumu verməli idilər. Lakin Pasport Qeydiyyatı İdarənin əməkdaşı  Azad müəllim mənə telefon açaraq "sizə pasport verə bilmərik, çünki haqqınızda cinayət işi var. Ədliyyə Nazirliyindən və Milli Təhlükəsizlik Nazirliyindən gələn arayışlarda üzərinizdə ölkədən çıxma yasağının olduğu yazılır" xəbərini verdi. Azad müəllimin dediyinə görə, hökm oxunmayana qədər mən nəinki pasport ala, hətta ölkədən kənara da çıxa bilməyəcəyəm". 

Xatırladaq ki, baş redaktor haqqında Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə (irqi, dini, milli ayrı-seçkilik salmaq) cinayət işi açılıb. Bu iddiaya səbəb  isə Adolf Hitlerin "Mənim savaşım" kitabının  Ə. Zeynallı tərəfindən tərcümə olunması və kitabdan parçaların "Xural" qəzetində dərc olunması olub. 

Habelə Ə. Zeynallı son günlər millət vəkili Aynur Camalqızının həyat yoldaşı  tərəfindən hədə-qorxu zəngləri aldığını da  dedi. Onun sözlərinə görə, hər şey də "Xural" qəzetinin 26 (290) saylı, 27.02.08-ci il tarixli nömrəsində A. Camalqızının müəllifliyi ilə 2003-cü il prezident seçkiləri ərəfəsində "Yeni Müsavat" qəzetində dərc olunmuş köşə yazısının olduğu kimi dərc edilməsindən sonra başlanıb: " Aynur Camalqızının  həyat yoldaşı olduğunu iddia edən İlqar Əliyev adlı şəxs açıq nömrələrdən  mənə  zəng edərək, məni hədələyir, təhqir edir. Mən sadəcə onun vaxtı ilə "Yeni Müsavat" qəzetində sabiq prezident Heydər Əliyev və hazırkı prezident İlham Əliyev haqqında yazdığı köşə yazılarını dərc edirəm".

Baş redaktor hər iki məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirdi.

Habelə baş redaktor artıq İlqar Əliyevin onu hədələməsi faktı ilə bağlı artıq Daxili İşlər Nazirliyinə müraciət etdiyini dedi.

Belə ki, RATİ  əməkdaşları Ə. Zeynallının mətbuat konfransı zamanı jurnalistlərə  təqdim etdiyi telefon nömrələrinə zəng etdilər. Dəstəyi qaldıran şəxs həqiqətən də millət vəkili A. Camalqızının həyat yoldaşı İlqar Əliyev olduğunu və Əvəz Zeynallını təhqir etdiyini, hədələdiyini etiraf etdi. "Mənim yerimə kim olsa belə edər. Əvəz Zeynallı camaata şər atır. Onunla dost kimi görüşüb söhbət etmişəm, neçə dəfə hətta xahiş də etmişəm ki, bu pis əməllərindən əl çəksin. Amma bu adam həyat yoldaşımı təhqir etmək, onun şərəf və ləyaqətini tapdalamaqda davam edir. Bu vəziyyətdə mən nə etməliyəm?", – deyə sual edən İlqar Əliyev habelə yaxın gələcəkdə Ə. Zeynallını məhkəməyə də verəcəyini deyib. 

Mövzu ilə bağlı şəkillər

Mövzu ilə bağlı video

Previous Post

ABŞ KONQRESİNDƏKİ DİNLƏMƏLƏRDƏ AZƏRBAYCANDA SÖZ AZADLIĞINA QARŞI OLAN BASQILAR MÜZAKİRƏ EDİLİB

Next Post

MÜSTƏNTİQ ƏLİ QULİYEV AQİL XƏLİLİN İDDİASI İLƏ KEÇİRİLƏN PROSESDƏ İFADƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.