ƏVƏZ ZEYNALLININ İŞİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ ŞAHİD İFADƏLƏRİ İLƏ DAVAM EDİR

Oktyabrın 2-si və 3-də Baki Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi ilə bağlı məhkəmə prosesində şahidlər dindirilib. Ayın 2-də Milli Dövlətçilik Partiyasının sədri Sabir Tarverdiyev və partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Mustafayev şahid qismində ifadə verib.

Tarverdiyev Əvəz Zeynallı ilə ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə idarəsinə ərizə yazmadığını bildirib. O, “belə bir ərizə varsa, mən ondan imtina etməyə hazıram” desə də, hakim həmin ərizəni elan edəndən sonra Tarverdiyev vədinə əməl etməyib.

Əvəz Zeynallı Sabir Tarverdiyevə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin göstərişi ilə onun üzünə durduğunu deyəndə, Tarverdiyev “Mehdiyevlə tanışığım olsaydı, məni deputat qoyardı” cavabını verib.
Hüseyn Mustafayev isə ifadəsində əvəz Zeynallının ondan “Xural” qəzetinin redaksiyası üçün iki dəst kompüter istədiyini bildirib.
Oktyabrın 3-də  prosesdə ilk olaraq ittiham tərəfinin şahidi Zaur Mirzəzadə ifadə verib. Mirzəzadə Ə.Zeynallı ilə 2009-cu ildən tanış olduğunu deyərək, baş redaktorun Gülər Əhmədovadan pul almasını görmədiyini məhkəməyə bildirib.
Daha sonra ikinci şahid – Vergilər Nazirliyinin Vergi Auditi Departamentinin baş vergi müfəttişi Şahin Əsgərli ifadə verib. VN nümayəndəsi “Xural” qəzetinin nəşri ilə bağlı vergi ödəməsi yoxlamalarının aparıldığını deyib: “Bizim əlimizdə sözügedən qəzetin tək 20 oktyabr 2011-ci  il sayı var idi. Onu da Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bizə təqdim etmişdi. Həmin sayda qəzetin 2200 tirajla dərc olunduğu göstərilib. Biz yüz faiz satışla həmin məbləği çıxardıq”, – deyə bildirdi.
Prosesi 9 oktyabr saat 14:00-a təyin etdiyini bildirdi.  
Xatıqladaq ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə, “Azərbaycan” nəşriyyatının rəhbəri Ağabəy Əsgərova və müğənni Nüşabə Ələsgərliyə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, Nərimanov rayon məhkəməsinin qərarı ilə oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub.
“Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Qəzetin baş redaktoru Əvəz Zeynallı Milli Məclisin deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.  
Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

PREVENTİV QRUP ZEYNALLIYA QARŞI RÜŞVƏT İTTİHAMININ LƏĞVİNİ TƏLƏB EDİR

Next Post

ELANLAR!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.