AVTOMOBİL QƏZASINDA FACİƏVİ ŞƏKİLDƏ HƏLAK OLAN JURNALİST ANILDI

      Noyabrın 3-də “Xural” qəzetinin redaksiyasında mərhum jurnalist – “Milli Yol” qəzetinin və “Poliqon” informasiya agentliyinin baş redaktoru Şahin Ağabəylinin xatirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bildirdi ki, jurnalistin xatirəsinin yad etmək üçün Şahin Ağabəylinin qələm dostları yığışıblar. O, vurğuladı ki, Şahin Ağabəyli peşə fəaliyyətini yerinə yetirmək üçün səfərə çıxdığı zaman həlak olub və bu səbəbdən o, mətbuatın şəhidi sayılır.  Əvəz Zeynallı nitqini Şahin Ağabəylinin və digər həlak olmuş jurnalistlərin xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsini tədbir iştirakçılarından  xahişi etməklə yekunlaşdırdı.

            Daha sonra çıxış edən “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, “Poliqon” informasiya agentliyi və “Milli yol” qəzetinin əməkdaşı Anar Gəraylı, jurnalistlər Elmin Bədəlov, Murad Köhnəqala, Kənan Hacı, Nurəddin Abbasoğlu,  Anar Niftəliyev və  digər qələm dostları Şahin Ağabəyli ilə bağlı xatirələrindən danışıblar.

            Mərasimin sonunda Əvəz Zeynallı  bildirib ki, 5 yaşlı oğlunun normal şəraitdə yaşaması üçün Şahin Ağabəylinin ailəsinə ev verilməsi xahişi ilə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə  Dəstək Fonduna müraciət hazırlanıb. Müraciət bütün  tədbir iştirakçıları tərəfindən imzalanıb.

            Xatırladaq ki, oktyabrın 27-də Şahin Ağabəyli və “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər seçki kampaniyası ilə əlaqədar regionlardakı vəziyyətlə bağlı sorğu keçirmək üçün səfərə çıxarkən, Bakı-Qazax yolunun 51-ci kilometrliyində – Səngəçal qəsəbəsində qəzaya düşüblər. “Nissan-Tida” markalı avtomaşında olan 34 yaşlı Şahin Ağabəyli həlak olub, Aqil Ələsgər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Fotolar: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,660/lang,az/

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 2 NOYABR 2010

Next Post

EYNULLA FƏTULLAYEV PENİTENSİAR XİDMƏTİNİ MƏHKƏMƏYƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.