AZƏR AYXANIN HÜQUQLARINI MÜDAFİƏ KOMİTƏSİ YARANDI

Mayın 1-də “Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxana qarşı Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə iddianın qaldırılması ilə əlaqədar qəzetin redaksiyasında dəyirmi masa təşkil olunub.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Azər Ayxana qarşı bu addımdan narahat olduğunu bildirib. O bunun qəzet redaktorunun cəzalandırılması məqsədi daşıdığını və da bu işdə böyük rüşvət məsələsi olduğunu bildirdi.
Azər Ayxanın vəkili Elçin Sadıqov isə hazırlıq iclasında qanunsuzluğa yol verildiyini, heç bir hal araşdırılmadan hazırlıq iclası ilə bağlı yekun qərar çıxarıldığını qeyd etdi. O, xüsusi ittiham qaydasında şikayət verməyən Bəhruz Quliyevin xüsusi ittihamçı kimi tanınmasını kobud qanun pozuntusu olduğunu əlavə etdi.
“Media Hüququ İnstitu”nun rəhbəri Rəşid Hacılı son vaxtlar 147-148-ci maddələr üzrə ittihamlara ciddi fikir verilmədiyini bildirdi. Lakin Azər Ayxandan ölkədən çıxmaması ilə iltizam alınmasını, bunun arxasında hansısa ciddi niyyətin olması ilə əlaqələndirdi.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu və millət vəkili Pənah Hüseyn seçkiqabağı Azər Ayxanın həbs ediləcəyinin real olmadığını bildiriblər. N. Cəfəroğlu həmçinin qeyd edib ki, bununla bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edəcək.
Millət vəkili İqbal Ağazadə  baş vermiş qanunsuzluğa qarşı birgə mübarizə  aparmaq üçün müdafiə komitəsi yaradılmasını təklif etdi.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutun (RATİ) sədri Emin Hüseynov isə Məhkəmə Hüquq Şurasına müraciət etməyi və bəzi millət vəkillərinin parlamentdə məsələ qaldırmasını təklif etdi.
Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin rəhbəri Hacı  İlqar İbrahimoğlu isə məsələ ilə bağlı  diplomatik korpus nümayəndələrinə müraciət etməyin və bu işə bütün hüquq müdafiəçilərini cəlb etməyin vacibliyini vurğuladı.
Sonda Azər Ayxanın Hüquqlarını Müdafiə Komitəsi təsis edildi və millət vəkili İkram İsrafil komitənin sədri seçildi.
Xatırladaq ki, “İdeal”  qəzetinin həbsdə olan baş redaktoru Nazim Quliyev və “Binə” Ticarət Mərkəzinin direktoru Dilşad Əmirova Nizami rayon məhkəməsinə müraciət edərək “Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini Azər Ayxanın Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri üzrə cəzalandırılmasını istəyiblər.

Previous Post

POLİS BAYRAM AKSİYASI KEÇİRƏN JURNALİSTLƏRİN PEŞƏ FƏALİYYƏTİNƏ MANE OLMAĞA CƏHD GÖSTƏRİB

Next Post

“XXI ƏSRDƏ İNTERNETİN DÖVLƏT TƏNZİMLƏNMƏSİNƏ EHTİYAC VARMI?” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.