Azərbaycanda İfadə azadlığının durumu ürəkaçan deyİl

Azərbaycanda ifadə azadlığının sərhəddi getdikcə daralır və yalnız vətəndaş cəmiyyətinin səylərinin konsolidasiyası sayəsində bunun qarşısını almaq olar. 10 dekabr Beynəlxalq İnsan Haqları Günü münasibətilə RATİ-də keçirilən “ Fundamental insan hüquqlardan biri olan ifadə azadlığının Azərbaycandakı mövcud  durumu ” mövzusunda “dəyirmi masa”nın əsas leytmotivi belə olub. Görüşü Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Media Hüququ İnstitutu və Azərbaycanda Media Mərkəzi təşkil edib.

Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı qeyd edib ki,  Azərbaycan həbsxanalarında 9 jurnalistin və vətəndaş cəmiyyəti fəallarının saxlanması ifadə azadlığının vəziyyətinin göstəricisidir. O, digər indikator kimi “Azadlıq” qəzeti ilə bağlı durumu göstərib. Belə ki, qəzet məhkəmə cərimələri və nəşriyyata olan borcuna görə maliyyə təzyiqləri məngənəsindədir.

RATİ-nin direktoru Emin Hüseynov bildirib ki, bu il Bakıda iki böyük beynəlxalq tədbirin – Eurovision musiqi yarışması və İnternet İdarəçiliyi üzrə Qlobal Forum keçirilməsi ilə əlaqədar dünya birliyinin diqqətini insan hüquqları ilə bağlı problemə yönəltmək  mümkün olub. Lakin buna baxmayaraq, vəziyyət yaxşılaşmayıb. Elmar Hüseynovun, Rafiq Tağının qatilləri həbs edilməyib. Amma jurnalistlərin, hüquq müdafiəçiləri həbsdə yatır. İfadə azadlığı problemi 2013-cü ildə prezident seçkilərinin azad və ədalətli keçiriləcəyini şübhə altına alır. Odur ki, vətəndaş cəmiyyəti diqqəti bu problemə yönəltməlidir. O, Bakıda yaşayış evlərinin damlarından peyk antenalarının söküldüyünü qeyd edib ki, bu da hakimiyyətin “Azadlıq radiosu” televiziyasının və “Azərbaycan saatı” teleproqramına baxılmasına imkan verməmək cəhdi ilə bağlıdır.
Beynəlxalq Mediaya Dəstək Təşkilatının regional proqramlar üzrə rəhbəri Gülnarə Axundova ifadə azadlığının müdafiəsi ilə bağlı ombudsman institutunun işinin zəif olduğunu bildirib. O, ifadə azadlığının pozulması faktlarının araşdırılması üçün ombudsman yanında işçi qrupunun yaradılmasını, bura vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb olunmasını təklif edib.
Media Hüququ İnstitutunun nümayəndəsi Xalid Ağəliyev qəzetlərə qarşı mülki iddiaların verilməsi tendensiyasının artdığını qeyd edib. Hazırda qəzetlərdən tələb olunan cərimələrin məbləği 4 mln. manatı ötür. Ən çox cərimə edilən qəzetlər “Azadlıq” və “Müsavat”dır. Belə ki, onların gələcək fəaliyyəti də sual altındadır.  Digər problem isə mətbəələrin müxalifət qəzetlərinin nəşrindən imtina etməsidir.
Qubadan olan hüquq müdafiəçisi Aftandil Məmmədov regionlarda insan hüquqlarının qorunmadığını, martın 1-də Quba hadisələri zamanı həbs edilənlərin məhkəməsinin qapalı şəraitdə keçirilməsinə cəhd göstərildiyini deyib. Görüş iştirakçıları qeyd ediblər ki, bu təzyiqlərin qarşısını almaq üçün vətəndaş cəmiyyətinin səylərinin konsolidasiyası lazımdır.

Previous Post

MÜXALİFƏTİN 10 DEKABR AKSİYASI

Next Post

AZƏRBAYCANDA İFADƏ AZADLIĞININ DURUMU ÜRƏKAÇAN DEYİL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.