“AZADLIQ” VƏ “YENİ MÜSAVAT” QƏZETLƏRİ CƏRİMƏLƏNDİ

Bu gün (23 yanvar) Yasamal rayon məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi ziyanın ödənilməsi ilə bağlı iddiası üzrə məhkəmə prosesi keçirilib.  

Prosesdə çıxış edən Anar Məmmədovun nümayəndəsi Nihat Axundov “Azadlıq” qəzetinin  01 iyul 2010-cu il tarixli sayında “Kəmaləddin Heydərovun ayısını yedilər”,   “Yeni Müsavat” qəzetinin isə 02 iyul 2010-cu il tarixli sayında əlavələrlə eyni məqalənin çapı və “Yeni Müsavat”  qəzetinin 14 sentyabr tarixli sayında “Şeyx Anar Məmmədovu     Dubaydan qovdu” başlıqlı məqalələrində  onun şərəf və ləyaqətinə toxunulduğunu, işgüzar nüfuzuna xələl gətirildiyini, buna görə də cavabdehlərin Anar Məmmədovdan üzr istəyərək təkzib verməsi və onlardan müştərək olaraq 500 min manat tutularaq Buzovna qəsəbəsində yerləşən 9 saylı ruhi-əsəb, əlil və qocalar evinə verilməsi barədə qərar çıxarmasını xahiş etdi. Bu zaman məhkəmə iclas zalına daxil olan “Yeni Müsavat” qəzetinin nümayəndəsi Vaqif Hüseynlə hakim arasında mübahisə yarandı. Belə ki, işə mahiyyəti üzrə baxıldığını görən Vaqif Hüseyn bunun qanunsuz olduğunu hakimin diqqətinə çatdırdı. O, hazırlıq iclası ilə bağlı heç bir qərar olmadan işə mahiyyəti üzrə baxılmasını qərəzli və hakimin sifarişlə hərəkət etdiyinin göstəricisi olduğunu dedi. Hakim Vaqif Hüseynə söz verilmədən danışdığını və prosesin gedişinə mane olduğunu əsas gətirərək onun 50 manat cərimə olunduğunu bildirdi və dərhal məhkəmə çıxışlarına keçirilməsi ilə bağlı qərar qəbul etdi. Vaqif Hüseyn bu qərara etiraz olaraq məhkəmə zalını tərk etdi.
     Müşavirədən sonra hakim iddianın qismən təmin edildiyini, iddiaya səbəb olmuş məqalələrə görə cavabdehlərin üzr istəməklə təkzib verməsini və onların müştərək olaraq 4 min manat təzminat ödəmələri ilə bağlı qərar çıxartdı.
     Xatırladaq ki, Anar Məmmədov “Azadlıq” qəzetinin  01 iyul 2010-cu il tarixli sayında “Kəmaləddin Heydərovun ayısını yedilər”,   “Yeni Müsavat” qəzetinin isə 02 iyul 2010-cu il tarixli sayında əlavələrlə eyni məqalənin çapı və “Yeni Müsavat”  qəzetinin 14 sentyabr tarixli sayında “Şeyx Anar Məmmədovu Dubaydan qovdu” başlıqlı məqalələrində  özünün şərəf və ləyaqətinə toxunulduğunu, işgüzar nüfuzuna xələl gətirildiyini iddia edərək,  məhkəməyə müraciət edib və təzminat olaraq hər qəzetdən 250 000 (min) manat məbləğində pul tələb edirdi.

Previous Post

“GEN” VƏ “KAMRAN B.Ə” MMC-NİN ALDATDIĞI SAKİNLƏRİN ETİRAZ AKSİYASI

Next Post

RATİ-NİN ƏVƏZ ZEYNALLI BARƏDƏ HƏBS-QƏTİ İMKAN TƏDBİRİNİN MÜDDƏTİNİN ARTIRILMAĞINA GÖRƏ BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.