AZTV-NİN SEÇKİ PROSESİNDƏ İŞTİRAKI MİLLİ MƏCLİSİN SƏLAHİYYƏTİNDƏDİR

may 24th, 2010
AzTV-nin seçki prosesində iştirak etməsi AzTV-nin səlahiyyətində deyil. Bu, Seçki Məcəlləsində öz əksini tapıb ki, o da Milli Məclisin səlahiyyətində olan məsələdir”.

Bunu Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) "Azərbaycan Radio Televiziya Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun AzTV-nin seçki təbliğatı prosesinə qoşulması təklifini şərh edərkən deyib. O, bildirib ki, ATƏT-in bu təklifinin icrası yoxdur.
Qeyd edək ki, mayın 18-də Bakıda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun tövsiyələrinin yerinə yetirilməsinə həsr olunmuş ikinci Dəyirmi Masada ATƏT "Azərbaycan Radio Televiziya Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin də seçki təbliğatı prosesinə qoşulmasını təklif edib.
Xatırladaq ki, 2008-ci ildə Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 77.1 bəndinə edilən dəyişikliklərə əsasən dövlət tərəfindən maliyyələşdirilən televiziya, radio və qəzetlər vasitəsilə seçkilərin gedişatında ödənişli və ödənişsiz təşviqatın aparılmasına qadağa qoyulmuşdur. Ona görə də dövlət televiziyası olan AzTV seçkiqabağı təşviqat kampaniyasında iştirak etmir.