
Daha sonra “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev çıxış edərək Azərbaycanda söz və ifadə azadlığının acınacaqlı durumda olduğunu bildirdi. O blogerlər – Adnan Hacizadə, Emini Millinin də jurnalist Eynulla Fətullayevin hələ də həbsdə olmasına toxunub. Habelə Mehman Əliyev may ayında mərkəzi aran rayonlarında baş vermiş iri miqyaslı daşqınların nəticələri və bu problemi araşdırmaqla məşğul olan “Kür” vətəndaş cəmiyyəti qərargahının fəaliyyətindən danışdı.
Sonra daşqın zonasındakı vəziyyətlə “Obyektiv TV” tərəfindən hazırlanmış videofilm təqdim edilib və zərərçəkmiş rayonların sakinlərinin çıxışları dinlənilib.
Qeyd edək ki, dünyanın bir çox ölkələrində “Frontline” klubu fəaliyyət göstərir. Beynəlxalq “Frontline” təşkilatı isə 2001-ci ildə Dublində bütün dünyada hüquq müdafiəçilərinin və Ümumdünya İnsan Haqları Bəyannaməsinə riayət olunması uğrunda mübarizə aparanların müdafiəsi məqsədilə təsis edilib.
Frontline öz işini BMT Baş Katibinin hüquq müdafiəçiləri üzrə xüsusi nümayəndəsi ilə əlaqələndirir və BMT İqtisadi və Sosial Şurası yanında konsultativ statusa malikdir.