BAŞ REDAKTOR BAKI ŞƏHƏR PROKURORLUĞUNU MƏHKƏMƏYƏ VERİB

avqust 26th, 2010
“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayev Bakı Şəhər Prokurorluğunu məhkəməyə verib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən jurnalistin vəkili Elçin Sadıqovun sözlərinə göeə, iddia ərizəsi Səbail rayon Məhkəməsinə göndərilib.

    Vəkil vurğulayıb ki, Eynulla Fətullayevin saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində ötən il dekabrın 29-da üzərindən heroin tapılandan sonra Bakı Şəhər Prokurorluğu onun narkotik vasitədən istifadə etməsi barədə rəsmi məlumat yayıb. “Jurnalist hesab edib ki, Bakı Şəhər Prokurorluğu məhkəmə hökmü olmadan onun barəsində narkotikdən istifadə etməsinə dair məlumat yaymaqla təqsirsizlik prezumpsiyasını pozub. O, bu məsələni narkotik işi üzrə Qaradağ rayon Məhkəməsində keçirilən məhkəmə zamanı qaldıraraq hüquqi qiymət verilməsini tələb etsə də, məhkəmə məsələyə hüquqi qiymət vermədiyi üçün Fətullayev Bakı Şəhər Prokurorluğunu məhkəməyə verib” – deyə E.Sadıqov əlavə edib ki, Eynulla Fətullayev Bakı Şəhər Prokurorluğunun ondan rəsmən üzr istəməsini və vurulmuş mənəvi zərərə görə Bakı şəhər Prokurorluğundan 1 (bir) manat alınaraq Qaradağ rayon Məhkəməsində  narkotik işi üzrə prosesin hakimi olmuş İsmayıl Xəlilova ödənilməsini tələb edir.

 

Qeyd edək ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu təxribatı jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş təxribat  kimi qiymətləndirir. Eynulla Fətullayev bir çox yerli və beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınır.

 

    Əlavə edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi  üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.

 

    Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.   2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

 

     Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.