Bütün gözlərin Türkiyəyə yönəldiyi bir vaxtda Azərbaycanda “vintlər daha da bərkidilir”

Bəyanat

RATİ Türkiyəli ictimai xadim Fətullah Güləndən götürülmüş müsahibə üzündən ANS telekanalının yayımının dayandırılmasına görə Azərbaycan hakimiyyətini qınayır və hakimiyyətin bu addımını Azərbaycanda ifadə azadlığının qeyri-qanuni məhdudlaşdırılması hesab edir.

Dünən, Azərbaycanın Milli Televiziya və Radio Şurası (MTRŞ) Baş Prokurorluğun müraciəti əsasında özəl telekanalın yayım lisenziyasını bir ay müddətinə dayandırıb. MTRŞ belə qərara gəlib ki, Fətullah Gülənlə müsahibənin anonslarının getməsi “terrorizmin təbliğidir”. Eyni zamanda, telekanalın ofis binası hüquq mühafizə əməkdaşları tərəfindən bağlanıb və telekanalın əməkdaşlarına binaya daxil olmağa icazə verilməyib. ANS rəhbərliyi isə dindirilmək üçün Baş Prokurorluğa çağırılıb.

RATİ bu addımı hüquqi absurdluq hesab edir. Belə ki, Azərbaycanın MTRŞ-sı özəl telekanal ANS-i Fətullah Güləndən ABŞ-da müsahibə götürməklə və həmin müsahibəni yayımlamağa hazırlaşmaqla Türkiyədə sabitliyə təhlükə yaratmaqda günahlandırır, halbuki Türkiyədə Azərbaycana münasibətdə bu cür qarşılıqlı mexanizm mövcud deyil.

RATİ bildirir ki, ANS-in bağlanması Türkiyə prezidenti Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev arasındakı telefon danışığından dərhal sonra baş verib. Qeyd edək ki, Ərdoğan özü Fətullah Güləndən müsahibə almış xarici mediaya açıq şəkildə narazılığını ifadə edib və onları iyulun 15-dəki hərbi çevrilişin təşkilatçısı hesab etdiyi bir şəxsə meydan verməməyə çağırıb. Lakin, Ərdoğan qeyd edib ki, Türkiyədəki aparıcı KİV-lərin əksəri həmrəylik nümayiş etdirərək Fətullah Gülənə və onun tərəfdarlarına öz fikirlərini ifadə etmək imkanı yaratmayıblar.

RATİ hesab edir ki, peşəkar jurnalistikanın əsas prinsipi mühüm hadisələrin hərtərəfli işıqlandırılması, hakimiyyətə xoş olmayanlar da daxil olmaqla bütün tərəflərin baxışlarının təqdim edilməsidir. Azad media hadisələrin obyektiv və peşəkar işıqlandırılmasının zərərinə hökumətlə həmrəylik nümayiş etdirməyə borclu deyil. RATİ hesab edir ki, bu dırnaqarası hökumətin maraqları ilə “həmrəylik” özünü-senzuranın ən yüksək səviyyəsinin aşkar simptomlarından biridir. RATİ həm də ondan narahatdır ki, hakimiyyət eyni məntiqdən istifadə edərək Türkiyədən nümunə götürüb Azərbaycanda Youtube, Tvitter, Facebook və digər populyar platformaları bloklaya bilər.

RATİ həmçinin bütün dünyada fərqli düşüncəyə dözümsüzlüyü və fundamental insan hüquqlarına hörmət etməməsi ilə ad çıxarmış Azərbaycan hakimiyyətinin Türkiyədəki uğursuz hərbi çevriliş cəhdini bəhanə edərək Azərbaycanda repressiyanın daha da gücləndirilməsinə haqq qazandıracağından narahatdır.

RATİ hesab edir ki, beynəlxalq ictimaiyyətin Türkiyədəki prosesləri daha yaxından izləməsindən və orada baş verə biləcək geniş miqyaslı repressiyaya daha çox diqqət ayırmasından istifadə edərək, Azərbaycanın hakim elitası İlham Əliyevin onsuz da həddən artıq qüdrətli olan prezident postunu daha da gücləndirməyə başlayacaq. ANS TV-nin yayımının dayandırılması baş verəcək repressiyaların sadəcə bir əlamətidir. Bundan daha əvvəl də, Azərbaycan hakimiyyəti şərqi Ukraynada baş qaldırmış münaqişədən, Suriyadakı vətəndaş müharibəsindən, Avropaya miqrant axınından və Qərb ölkələrinin diqqətinin bu istiqamətə yönəltməsindən istifadə edib. Həmin böhranlı dövrdə, hökumət bir neçə ayın içində aparıcı hüquq müdafiəçiləri və jurnalistləri həbs etmiş və vətəndaş cəmiyyətinin fəaliyyətini tamam iflic vəziyyətinə salmışdı.

İnsan hüquqları və demokratiyanın əsas prinsiplərinə yönəlmiş gələcək məhdudlaşdırmaların daha bir ilkin göstəricisi isə İlham Əliyevin Azərbaycan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı yeni təklifidir ki, bu da onun şəxsi hakimiyyətinin daha da mütləqləşdirilməsinə və prezidentin xalq qarşısındakı cavabdehliyini faktiki olaraq aradan qaldırmağa hesablanıb.

RATİ-nin son həftələrdə xəbərdarlıq etdiyi kimi, tanınmış jurnalist və hüquq müdafiəçilərinin bir qrupunun bu yaxınlarda azad olunması hakimiyyətin fərqli düşüncəyə və demokratiyaya münasibətdəki siyasətində ciddi və fundamental dəyişiklikdən xəbər vermirdi. Bir qrup siyasi məhbusu azad edən hakimiyyət “fırlanan qapı” prinsipi ilə yeni tənqidçilərini həbsə atıb. Hakimiyyət öz opponentlərini həbs edə bilmədiyi hallarda onların qohumlarını hədəfə alır. Bu cür aqibətlə aparıcı müxalifət qəzeti olan Azadlığın baş redaktorunun bu yaxınlarda məhkum olunmuş qardaşı oğulları da üzləşiblər.

RATİ hesab edir ki, Azərbaycan hökuməti Azərbaycan Konstitusiyasını və Avropa İnsan Hüquqları Konvensiyasını kobud şəkildə pozur.

RATİ Azərbaycan hakimiyyətini dərhal ANS TV telekanalının yayımını bərpa etməyə, bütün tənqidçilərini həbsdən buraxmağa, müstəqil mediaya və alternativ səslərə edilən təzyiqlərə son verməyə və vətəndaş cəmiyyətinin müstəqil institutlarının sərbəst fəaliyyətini təmin etməyə çağırır.

RATİ Avropa Şurasının Nazirlər Komitəsini və Baş Katibini mövcud kritik durumu qiymətləndirməyə və Azərbaycan hakimiyyətinə münasibətdə bütün mümkün intizam tədbirlərini görməyə çağırır. RATİ beynəlxalq ictimaiyyətdən Azərbaycanda insan hüquqlarının rəsmi Bakının ATƏT, BMT və Avropa Şurası çərçivəsindəki öhdəliklərinə zidd olaraq kobud şəkildə pozulması hallarını diqqət mərkəzində saxlamağı xahiş edir. Beynəlxalq ictimaiyyəti insan hüquqlarına hörmət göstərməsi üçün hökumətə labüd təzyiqi göstərməlidir.

RATİ hesab edir ki, Qərb ölkələri qanunsuz əldə olunmuş aktivlərin dondurulması və hakim elita üzvlərinin sərbəst hərəkətinin məhdudlaşdırılması kimi potensial sanksiyaların tətbiqini ciddi şəkildə nəzərdən keçirməyə başlamalıdır. Yüksək çinli məmurlar arasında hakimiyyətdən sui-istifadə və varlanma kimi faktorlar rejimin tənqidçilərinə qarşı repressiyanın əsas stimullarıdır.

Previous Post

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir

Next Post

Hakimiyyət Azərbaycanda milli televiziya kanalını bağlayıb

Start typing to see posts you are looking for.