Hakimiyyət Azərbaycanda milli televiziya kanalını bağlayıb

Bəyanat

“Milli televiziya kanalı ANS TV-nin lisenziyasının ləğvi barədə məhkəmə qərarı siyasi motivlidir və hökumətin ifadə azadlığına qarşı sistemli basqılarının bir hissəsidir,” deyə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu gün bildirib. RATİ Azərbaycan hakimiyyətini ANS TV-nin yayım lisenziyasını dərhal bərpa etməyə və kanalın Azərbaycanda sərbəst fəaliyyət göstərməsinə şərait yaratmağa çağırır.

İyulun 29-da Bakı Apelyasiya Məhkəməsi ANS telekanalının yayım üçün xüsusi razılıq lisenziyasına xitam verilməsi barədə qərar qəbul edib. İyulun 18-də Milli Televiziya və Radio Şurası (MTRŞ) Baş Prokurorluğun müraciəti əsasında özəl telekanalın yayım lisenziyasını bir ay müddətinə dayandırmış və lisenziyaya xitam verilməsi üçün məhkəməyə müraciət etmişdi. MTRŞ hesab edir ki, Türkiyədə dövlət çevrilişi təşkil etməkdə günahlandırılan Fətullah Gülənlə müsahibənin anonslarının getməsi “terrorizmin təbliğidir”.

“Bu addım senzuranın kobud təzahürüdür,” deyə RATİ direktoru Emin Hüseynov qeyd edib. “Biz hakimiyyəti bu qərarı dərhal ləğv etməyə, ANS TV-nin efirə qayıtmasına icazə verməyə və medianın siyasi məsələləri senzura olmadan işıqlandırmasına imkan verməyə çağırırıq,” deyə Hüseynov bildirib.

RATİ bəyan edir ki, kanalın lisenziyasına xitam verilməsi ifadə azadlığının pozuntusudur. Belə ki, Azərbaycanda qüvvədə olan Televiziya və Radio yayımı haqqında qanunda da göstərilir ki, Azərbaycan Respublikasında teleradio yayımı azaddır və teleradio yayımı sahəsində senzura yolverilməzdir. Ancaq Azərbaycan hökuməti başqa bir dövlətin (Türkiyənin) sifarişi əsasında kanalın yayım azadlığına kobud müdaxilə edib.

Türkiyə hökuməti bir gün ərzində 16 telekanal, 3 xəbər agentliyi, 23 radio, 45 qəzet, 15 jurnal, 29 yayım şirkəti bağlayıb. Qonşu və müttəfiq ölkədə baş verənlərdən örnək alan Azərbaycan hökuməti yayım azadlığını məhdudlaşdırmaq üçün radikal addımlar atıb.

RATİ vurğulayır ki, yayımçı öz fəaliyyətində informasiyanın əhatəliliyi, obyektivliyi, tam və doğru-dürüstlüyü, vətəndaşların öz fikir və baxışlarını sərbəst ifadə etməsi, ideoloji və siyasi plüralizm, tərəfsizlik və qərəzsizlik, insanların şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyi, milli-mənəvi dəyərlərin qorunması, peşə etikasına və əxlaq normalarına riayət edilməsi, proqramların keyfiyyətliliyi prinsiplərinə əsaslanır. Hətta yayımçının barəsində qanuni qüvvəyə minmiş hökm olan şəxsdən də müsahibə almaq hüququ var. Fətullah Gülən haqqında isə heç qanuni qüvvəyə minmiş də hökm mövcud deyil.

RATİ bəyan edir ki, müstəqil yayım hüququndan istifadə etdiyi üçün ANS telekanalının lisenziyasının alınması dövlətin ifadə azadlığını təmin etmək öhdəliklərinin pozulmasıdır. Azərbaycan hökuməti öhdəliklərinə əməl edərək telekanalın yayımını bərpa etməlidir.
RATİ Azərbaycan hökumətini ANS telekanalının yayımını bərpa etməyə, ifadə azadlığına senzura tətbiqindən əl çəkməyə çağırır.
RATİ eyni zamanda müvafiq beynəlxalq təşkilatların kanalın bağlanmasına reaksiya verməməsindən də narahatlığını ifadə edərək, ATƏT və Avropa Şurasını məsələyə reaksiya verməyə çağırır.

Previous Post

Bütün gözlərin Türkiyəyə yönəldiyi bir vaxtda Azərbaycanda “vintlər daha da bərkidilir”

Next Post

Taleh Bagirzade Tells Court He and His Comrades Were Subjected to Torture

Start typing to see posts you are looking for.