CABBAR SAVALANLININ MƏHKƏMƏSİNDƏN SONRA SUMQAYIT POLİSİ JURNALİSTLƏRƏ TƏZYİQ EDİB

Fevralın 16-da Sumqayıt Apelyasiya Məhkəməsində hakim İlham Həsənovun sədrliyi ilə  AXCP fəalı Cabbar Savalanla barədə Sumqayıt şəhər Məhkəməsinin seçdiyi həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə verilmiş apelyasiya şikayəti üzrə qapalı məhkəmə prosesi keçirildi.

Yalnız Cabbar Savalanlı, onun vəkilləri Anar Qasımov və Əshabəli Mustafayevin  iştirak etdiyi prosesdə hakim verilmiş apelyasiya şikayətini təmin etməyib.
Bu barədə vəkillər məhkəmə binası qarşısına toplaşmış gənclərə və Cabbar Savalanlının qohumlarına məlumat veriblər. Daha sonra AXCP-çi gənclər məhkəmə binası qarşısında dövlət himnini oxumağa başlayıblar. Amma  Sumqayıt polisinin əməkdaşları gənclərə hücum edib və ondan artıq AXCP fəalı, eləcə də Cabbar Savalanın bir neçə qohumu saxlayıb.
Polis hadisə yerində çəkiliş aparan “Obyektiv” TV-nin, habelə “Turan” İnformasiya Agentliyinin əməkdaşı Rasim Əliyevi və jurnalist Elçin Həsənovu saxlayaraq AXCP-çi  gənclərin mindirildiyi avtobusa zorla salıblar. Bu zaman Rasim Əliyev və Elçin Həsənova bədən xəsarətləri də yetirilib. Daha sonra polislərə rəhbərlik edən Azər adında şəxsin tapşırığı ilə Rasim Əliyev sərbəst buraxılıb. Amma o yenidən digər qrup polis əməkdaşlarının təzyiqi ilə üzləşib, bu dəfə isə çəkiliş apardığı videokamera əlindən alınıb. Təkrar rütbəsini də vəzifəsini bilmədiyimiz Azər müəllimin müdaxiləsindən sonra videokamera jurnalistə qaytarılıb.
Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı fevralın 5-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis onun üzərində axtarış aparılarkən 0,74 qram narkotik maddə aşkarlandığını bildirib, Sumqayıt Şəhər Məhkəməsi isə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.
 
Yerli hüquq müdafiə və gənclər təşkilatları bu həbsin sifarişlə həyata keçirildiyini,  Savalanlının sosial şəbəkələrdə səsləndirdiyi hakimiyyəti tənqid edən fikirlərinə görə cəzalandırıldığını bildirirlər.  

Previous Post

KaTV BBC-Nİ YAYIMDAN ÇIXARDIĞINI TƏSDİQLƏDİ

Next Post

ELANLAR!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.