DAHA BİR MEDİA MONİTORİNQİN NƏTİCƏLƏRİ AÇIQLANDI

sentyabr 22nd, 2008
Dünən "2008-ci il seçkiqabağı kampaniyası ərəfəsində siyasi iştirakçıların fəaliyyətinin mediada işıqlandırılması" monitorinqinin birinci mərhələsinin yekunlarının təqdimatı olub.

"Turan"ın məlumatına görə, monitorinq "Yeni Nəsil" Jurnalistlər Birliyi tərəfindən Avropa Şurası və Avropa Komissiyasının "Azad və ədalətli seçkilər" birgə proqramı çərçivəsində beynəlxalq standartlar əsasında keçirilir.
     "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, monitorinqin birinci mərhələsi bu il iyulun 6-da başlayıb və avqustun 17-dək seçkiqabağı təşviqat kampaniyasınadək olan dövrü əhatə edib. Monitorinqə ölkədəki 7 televiziya, 2 dövlət, iki müxalifət və 2 iqtidar qəzeti cəlb olunub. Monitorinqin nəticələrinə görə, media siyasi iştirakçıların fəaliyyətini işıqlandırmaqda məhdud müxtəliflik səviyyəsi nümayiş etdirir.
     A.Əliyevin sözlərinə görə, televiziya kanallarının bir hissəsində siyasi müxtəlifliyə xüsusilə az rast gəlinir. Digər kanallar isə siyasi iştirakçıların bir qədər geniş dairəsinin fəaliyyətini əhatə edir, lakin bununla belə, onların da əsas xəbər verilişlərində müxtəliflik çox azdır.
     "Hesabat dövründə İTV siyasi materiallarında efir vaxtının 61 faizini YAP-a, 13 faizini partiya üzvü olmayan nazirlərə, 4 faizini müxalifətdə olan Müsavat Partiyasına, 4 faizini Vətəndaş Həmrəyliyi Partiyasına, 13 faizini müstəqil siyasətçilərə ayırıb. ANS YAP-a 55 faiz, partiya üzvü olmayan nazirlərə 21 faiz, AXCP-yə 10 faiz, ADP-yə 7 faiz yer verib. "Lider" telekanalı 62 faiz YAP-a, 20 faiz müstəqil siyasətçilərə, 10 faiz Ana Vətən Partiyasına, 5 faiz BAXCP-yə yer ayırıb. AzTV-nin yayımının, demək olar, hamısı YAP üzvlərinə və prezidentə həsr olunub. Monitorinqə cəlb edilən materialların 93 faizində YAP üzvləri, cəmi 2,2 faizində ADİP üzvləri yer alıb. ATV-də siyasi müxtəliflik dərəcəsi "Space" və "Xəzər"dən azca artıq olub. Bu kanallarda da fəaliyyəti işıqlandırılan siyasi iştirakçıların dairəsi həddən artıq dardır", – deyə A.Əliyev qeyd edib.
     O bildirib ki, qəzetlər siyasi iştirakçıların fəaliyyətinin işıqlandırılması baxımından iki qrupa bölünür. "Dövlətə məxsus "Azərbaycan" və "Xalq" qəzetləri YAP-a müvafiq olaraq 83 və 80 faiz yer ayırıb. Dövlət institutlarının siyasi iştirakçı kimi çıxış etdikləri materialların sayı "Azərbaycan" qəzetində 11 faiz, "Xalq" qəzetində 15 faiz təşkil edib. Bundan başqa, müstəqil siyasətçilər "Azərbaycan" qəzetində 4 faiz yer alıb, qalan partiyaların hər biri isə ayrılıqda bu qəzetdə 0,2 faizdən çox yer almayıb".
Özəl qəzetlər isə kifayət qədər geniş siyasi müxtəlifliyi əks etdirib, baxmayaraq ki, yazıların bəziləri hökumətin kəskin tənqidinə həsr olunub. "525-ci qəzet"də siyasi iştirakçıların 44 faizi YAP, 17 faizi müstəqil siyasətçilər, 6 faizi Müsavat Partiyası, 4 faizi Ümid Partiyasından olub. "Azadlıq" qəzeti yazılarının 25 faizini YAP-a, 17 faizini AXCP-yə, 15 faizini partiya üzvü olmayan nazirlərə, 13 faizini isə Müsavat Partiyasına həsr edib. "Yeni Müsavat" qəzeti Müsavat Partiyasına 23, YAP-a 18, partiya üzvü olmayan nazirlərə 12, Ümid Partiyasına 8, AXCP və ADP-nin hər birinə isə 5 faiz yer verib. "Zerkalo" qəzeti isə siyasi iştirakçıların geniş dairəsini işıqlandırıb. YAP 35, AXCP 5, Müsavat Partiyası 11, partiya üzvü olmayan nazirlər isə 14 faiz yer alıb.