Diffamasiya üzrə cinayət qanunlarının əhatə dairəsinin genişləndirilməsi təklifi barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun bəyanatı

“Azərbaycanın Cinayət Məcəlləsində diffamasiya ilə bağlı müddəaların əhatə dairəsinin daha da genişləndirilməsi ifadə azadlığının onsuz da sərt şəkildə məhdudlaşdırıldığı bir ölkə olan Azərbaycanda mətbuat azadlığı üçün ciddi bir geriləmədir,” deyə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu gün bildirib. RATİ Azərbaycan hakimiyyətinə diffamasiyaya görə cinayət məsuliyyətinin reqressiv olduğunu və insan hüquqları barədə beynəlxalq hüquqla bir araya sığmadığını xatırladaraq, Milli Məclisi internetdə böhtan və təhqirə yol verməkdə ittiham olunan şəxslərin ağır cərimə və həbs cəzalarına məhkum olunması barədə Baş Prokurorun təqdim etdiyi dəyişiklikləri qəbul etməməyə çağırır.

Maraqlıdır ki, qanuna təklif olunan dəyişikliklər Milli Məclisin bir neçə deputatının populyar internet bloqu Sancaq Prodakşn (Sancaq Production) və Meydan TV barədə dövlət başçısını tənqid etdiklərinə görə sərt çıxışlar etməsi və qeyd olunan mediaların bağlanmasına çağırış etməsindən qısa bir zaman sonraya təsadüf edir.

“Hökumət ənənəvi medianın bütün formalarını effektiv şəkildə susdursa da, tənqidi səslər müxalif fikirlər üçün sonuncu nisbətən azad məkan olan internetdə mövcudluqlarını qoruya biliblər. İnternetdə ifadə azadlığının məhdudlaşdıran cinayət məsuliyyəti təhlükəsi Azərbaycanın dinamik bloqçu və internet fəalı icmasının bünövrəsinə sarsıdıcı bir zərbədir,” deyə RATİ direktoru Emin Hüseynov qeyd edib.

Baş Prokuror Zakir Qaralov Cinayət Məcəlləsinin 323.1-ci (Azərbaycan dövlətinin başçısının-Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma) maddəsinə əlavələrin edilməsi və qeyd olunan maddənin internetdəki məzmunlara da şamil edilməsi ilə bağlı Milli Məclisə təklif göndərib. RATİ xatırladır ki, 323.1-ci maddə özü Azərbaycanın insan hüquqları, xüsusən də ifadə azadlığının qorunması ilə bağlı öhdəliklərinə ziddir. İnsan hüquqları üzrə beynəlxalq hüquqa əsasən, hər hansı fərdi şəxsə nisbətən dövlət məmurunu tənqid etmə həddi daha yüksəkdir. Bu maddə isə dövlət vəzifəlilərini qanuni tənqid etmə imkanlarını beynəlxalq standartlarla icazə verilməyən həddə məhdudlaşdırır.

Baş Prokuror həmçinin saxta istifadəçi adı və ya hesablarından istifadə edərək internetdə böhtan və təhqirlərə yol verməyin cinayət məsuliyyəti sayılması haqqında Cinayət Məcəlləsinə 148-1-ci maddənin daxil edilməsi barədə Milli Məclisə təklif verib. Təklif olunan maddəyə əsasən, internetdə saxta profil və ya hesablardan istifadə edərək böhtan və ya təhqir xarakterli məzmun yaymaq 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

“Azərbaycan hökuməti 2012-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda diffamasiyaya görə cinayət məsuliyyətini ləğv etməyi vəd edib. Lakin, diffamasiya ilə bağlı yeni qanunun qəbul olunması istiqamətində heç bir addım atılmaması açıq-aydın hökumətin öz öhdəliklərini yerini yetirməkdə maraqlı olmadığını göstərir,” deyə RATİ direktoru Emin Hüseynov vurğulayıb.

RATİ xüsusilə vurğulayır ki, diffamasiya yalnız mülki məsuliyyət yaratmalıdır, çünki diffamasiyaya görə cinayət məsuliyyətinin olması ifadə azadlığına mənfi təsir göstərir.

Diffamasiya maddələrinin cinayət qanununda saxlanması İnsan Hüquqları üzrə Avropa Konvensiyasına və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta qoşulmuş bir dövlət olaraq Azərbaycanın öhdəlikləri ilə kəskin ziddiyyət təşkil edir. Beynəlxalq təşkilatlar diffamasiya ilə bağlı işlərdə cinayət cəzalarının qeyri-müvafiq olması barədə narahatlıqlarını ifadə ediblər. BMT İnsan Hüquqları Komitəsi azadlıqdan məhrumetmənin diffamasiyaya görə müvafiq cəza olmadığını bəyan edib. Avropa Şurası Parlament Assambleyası isə 1577 (2007) saylı Qətnaməsində üzv dövlətləri diffamasiyaya görə cinayət məsuliyyətini dərhal ləğv etməyə çağırıb.

RATİ Milli Məclisi təklif olunan dəyişiklikləri rədd etməyə, Konstitusiya ilə vətəndaşların hüquqlarının təminatçısı olan ölkə prezidentini isə diffamasiya müddəalarını Cinayət Məcəlləsindən çıxarmaqla ifadə azadlığını qorumağa çağırır.

RATİ həmçinin Azərbaycan hökumətini cinayət sanksiyalarının şəxsi nüfuza zərər vurma probleminə qeyri-müvafiq və qeyri-mütənasib olduğunu etiraf etməyə və Azərbaycan qanunvericiliyinin diffamasiya ilə bağlı bütün cinayət müddəalarını ləğv etməyə çağırır.

RATİ beynəlxalq təşkilatları, xüsusilə BMT, ATƏT və Avropa Şurasını Azərbaycan hökumətini təkidlə diffamasiyaya görə cinayət məsuliyyətini ləğv etməyə səsləməyə çağırır.

Previous Post

Elan!

Next Post

Yazıçı jurnalist Rafiq Tağının açılmamış qətlinin beşinci ildönümü ilə bağlı Bəyanat

Start typing to see posts you are looking for.