Yazıçı jurnalist Rafiq Tağının açılmamış qətlinin beşinci ildönümü ilə bağlı Bəyanat

rafiq-23n

Azərbaycanlı yazıçı jurnalist Rafiq Tağının qətlinin beşinci ildönümündə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycanda jurnalistlərə qarşı davamlı zorakılıqdan, bu cür cinayətlərə görə cəzasızlığın praktiki olaraq təmin olunmasından və ifadə azadlığı hüququnun müntəzəm olaraq pozulmasından dərin narahatlıq keçirir.

“Rafiq Tağının qətlindən beş il keçsə də ədalətin təmin olunmaması bizi məyus edir,” deyə RATİ direktoru Emin Hüseynov bildirib. “Rafiq Tağının həyatı azad və müstəqil mətbuat, azad və müstəqil söz uğrunda mübarizənin həqiqi simvoludur. Onun ölümü Azərbaycanın media ictimaiyyətinə bu sahədə çalışmağın nə qədər cəsarət tələb etdiyini və bu fəaliyyətlə bağlı hansı risklərin olduğunu bir daha xatırlatdı,” deyə Hüseynov əlavə edib.

Rafiq Tağı siyasi İslama müxalifliyi və Azərbaycan hakimiyyətini tənqid etməsi ilə tanınırdı. Jurnalist 2011-ci il noyabrın 19-da naməlum şəxs tərəfindən ona yetirilmiş yeddi bıçaq yarası ilə bağlı Bakıdakı xəstəxanalardan birində müalicə alandan bir neçə gün sonra elə həmin xəstəxanada dünyasını dəyişib. 61 yaşlı jurnalistin səhhətində cərrahiyə əməliyyatından sonra normallaşma müşahidə olunsa da, o, dörd gün sonra müəmmalı şəraitdə vəfat etdi. Onun ölümü əvvəlcə boğulma ilə əlaqələndirilsə də, daha sonra Səhiyyə Nazirliyi jurnalistin ölümünə peritonitin səbəb olduğunu bildirdi.

Rafiq Tağı ölümündən əvvəl Azərbaycan və İrandakı islamçılar tərəfindən ölümlə hədələnmişdi. 2006-cı ildə iranlı din xadimlərindən biri tərəfindən Tağının ölümünə fətva verilməsinə baxmayaraq, Azərbaycanın hüquq mühafizə orqanları jurnalisti qorumaq üçün heç bir tədbir görməyib.

RATİ vurğulayır ki, Tağının qətli ilə bağlı istintaq ədalətli və obyektiv olmamışdır. RATİ 2014-cü ildə iş üzrə icraatın dayandırılmasına görə hakimiyyəti qınayır. Bu və jurnalistin ölümü ilə bağlı digər hallar jurnalistin qətlinin dini deyil siyasi motivli olmasını deməyə əsas verir. RATİ-nin qətlin arxasında Azərbaycanın hakim rejiminin durması qənaətinə gəlməsi digər məqamlarla yanaşı aşağıdakı faktlara əsaslanır:

• Nəqliyyat Nazirliyinin bütün respublika ərazisində quraşdırılmış müşahidə kameraları vardır. Buna baxmayaraq, jurnalist Rafiq Tağıya hücumun baş verdiyi ərazidə olan kameraların görüntüləri təqdim edilmədi və istintaq orqanı bu görüntülərə baxış keçirmədi. Rafiq Tağının qətlini müstəqil şəkildə araşdıran qrup həmin ərazidə olan kameranın görüntülərini istəyən zaman onlara bildirilib ki, hücumun baş verdiyi gün o ərazidə olan kamera işləməyib.

• Prokurorluğun RATİ araşdırmaçıları tərəfindən istintaqın gedişi ilə bağlı təqdim olunmuş beş sorğuya cavab verməməsi rəsmi istintaqın şəffaf olmadığını ortaya çıxarıb.

• Rafiq Tağının vəfat etmiş halda tapılmasından 10 dəqiqə əvvəl həkimlər onu yoxlamış və heç bir narahatlıq doğuran hal müəyyən etməmişdilər. Jurnalistin dostları onun ölümlə hədələndiyi halda xəstəxanada təhlükəsizlik səviyyəsinin yüksək olmamasından narahatlıqlarını ifadə etmişdilər.

İstintaqa rəhbərlik edən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi 2014-cü il yanvarın 8-də cinayət işi üzrə icraatı dayandırmağı qərara alıb. Bu qərardan verilmiş apelyasiya şikayətləri təmin olunmayıb. 2014-cü il noyabrın 20-də mərhum jurnalistin vəkili İnsan Hüquqları haqqında Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 10-cu (ifadə azadlığı) maddələrinin pozulması üzrə Avropa İnsan Haqları Məhkəməsinə şikayət verib.

Rafiq Tağının işi geniş bir tendensiyanın bir hissəsidir. O, Azərbaycanda qətlə yetirilmiş və qatilləri cəzasız qalmış beş jurnalistdən biridir.

 2015-ci ilin avqustunda RATİ-nin sabiq sədri, jurnalist Rasim Əliyev vəhşicəsinə döyüldükdən bir gün sonra Bakıdakı xəstəxanalardan birində lazımi tibbi xidmət göstərilməməsi nəticəsində dünyasını dəyişib. Ölümündən əvvəl, internetdə yaydığı polis zorakılığını və sosial narazılığı əks etdirən fotolar, məsələn əlində prezident Əliyev və onun hökumətini istefaya çağıran bir plakat daşıyan etiraz aksiyası iştirakçısının şəkli ilə bağlı təhdid jurnalistə mesajları gəlib. Rasim Əliyev “bu fotolara görə cəzalanacaqsan” mətnli təhdid mesajı aldığı barədə məlumat verib. O, sözügedən təhdidi 25 iyul 2015-ci il tarixində ictimailəşdirərək polisə şikayət edib, lakin polis onu qorumaq üçün heç bir tədbir görməyib.

 2009-cu ilin avqustunda “Talışi Sədo” qəzetinin baş redaktoru və Talış Mədəniyyət Mərkəzinin rəhbəri Novruzəli Məmmədov vətənə xəyanət ittihamı məhkum olunduğu 10 il həbs cəzasını çəkərkən həbsdə vəfat edib. Məmmədovun səhhətində ciddi problemlərin olduğu haqda geniş məlumat olsa da, hökumət Məmmədova lazımi tibbi yardımı göstərməmiş, jurnalistin humanist əsaslarla azadlığa buraxılması üçün edilən çoxsaylı beynəlxalq çağırışlara baxmayaraq onu həbsdə saxlamışdı.

 2005-ci ilin martında “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov sifarişli hesab olunacaq qədər planlı olan bir sui-qəsd nəticəsində qətlə yetirilib. Dəfələrlə ölümlə hədələnmiş jurnalist sonda Bakıda yerləşən mənzilinin pilləkənində odlu silahdan açılmış bir neçə atəşlə öldürüldü. 11 il keçsə də, jurnalistin qatilləri tapılmayıb.

 “Yeni Müsavat” qəzetinin fotomüxbiri Alim Kazımlı 28 dekabr 2004-cü il tarixində Nərimanov rayon polis şöbəsində şəxsiyyət vəsiqəsi almaq istəyərkən döyülüb, və bu hücumdan dolayı 19 iyun 2005-ci il tarixində beyninə qan sızması nəticəsində vəfat edib. Daxili İşlər Nazirliyi vətəndaşların qəbuluna lazımi şərait yarada bilmədiyinə və Alim Kazımlıyla nəzakətsiz rəftarına görə pasport şöbəsinin rəisi Abil Məmmədova töhmət verib. Lakin bu cinayət də araşdırılmayıb.

Biz bir daha Azərbaycan hökumətini ifadə azadlığını təmin etməyə, Rafiq Tağı və digər dörd jurnalistin ölümünə görə cavabdeh olan şəxslər daxil olmaqla jurnalistlərə qarşı zorakı əməllər törətmiş bütün şəxsləri sərt şəkildə təqib etməyə, və cəzasızlıq mühitini aradan qaldırmağa çağırırıq. Bu məqsədlə, RATİ Azərbaycan hakimiyyətini:

• Elmar Hüseynov, Alim Kazımlı, Novruzəli Məmmədov, Rafiq Tağı və Rasim Əliyevin qətli ilə bağlı müstəqil, sürətli və effektiv istintaq həyata keçirməyə, və cavabdeh şəxsləri cinayət məsuliyyətinə cəlb etməyə;

• Dedikləri sözlərə görə hücuma məruz qalma ehtimalı olan şəxslərin qorunması ilə əlaqədar polis proseduralarını tam və şəffaf şəkildə yenidən nəzərdən keçirməyə;

• Jurnalistləri dərc etdiyi yazılara görə cinayət təqibinə məruz qoymaqdan çəkinməyə çağırır.

RATİ beynəlxalq təşkilatları, xüsusilə BMT, ATƏT və Avropa Şurasını Azərbaycan hökumətinə jurnalist qətllərinin araşdırılması ilə bağlı təzyiq etməyə çağırır.

Previous Post

Diffamasiya üzrə cinayət qanunlarının əhatə dairəsinin genişləndirilməsi təklifi barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun bəyanatı

Next Post

Bayram Məmmədova verilmiş rüsvayçı 10 il həbs cəzası ölkədə ədalətsizliyin tüğyan etməsinin göstəricisidir

Start typing to see posts you are looking for.