EYNULLA FƏTULLAYEV DEPUTATLIĞA NAMİZƏDLİYİNİ VERİR

“Gündəlik “Azərbaycan” və ”Realnıy Azerbaydjan” qəzetinin həbsdə olan baş redaktoru Eynulla Fətullayev bu il noyabrın 7-də keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyini verir. Bu barədə “Turan” informasiya agentliyinə jurnalistin vəkili Elçin Sadıqov bildirib. Vəkilin sözlərinə görə, E.Fətullayev bununla bağlı ona öz bəyanatını verib.

“İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 2010-cu il aprelin 22-də mənim barəmdə çıxardığı bəraət hökmünə istinad edən Qaradağ Rayon məhkəməsi 06 iyul 2010-cu il tarixli hökmündə əvvəlki saxta və sifarişli hökmlərin hüquqi nəticələrini nəzərə alaraq, məni yenidən 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Lakin bu hökm də qanuni qüvvəyə minməyib – qarşıda apellyasiya manejində hakimiyyətlə döyüşün növbəti raundu bitməyib. Mənim barəmdə isə həbs-qətimkan tədbiri seçilməyib. Yaranmış qeyri-adi hüquqi vəziyyətdən istifadə edərək, yaparteid rejimi tərəfindən qəsb olunan azadlığımı qaytarmaq məqsədindən çıxış edib, qarşıdan gələn parlament seçkilərində iştirak etmək istəyində olduğumu bildirirəm və rəsmi olaraq öz namizədliyimi irəli sürürəm” – deyən Fətullayev bəyanatda vurğulayıb ki, Milli Məclisdə oxucularını təmsil etmək niyyətindədir. “Mənim oxucularım əsasən rusdilli bakılı zümrəsi və daha çox ziyalı təbəqəsi olduğundan, namizədliyimi 29-cu Səbail seçki dairəsindən irəli sürürəm. Bu qərarı qəbul edərkən ən qəzəbli oxucum – prezident İlham Əliyevin də məhz bu dairədə qeydiyyatda olduğunu və burada səs verdiyini xüsusilə nəzərə almışam” – deyən Fətullayev vurğulayıb.

 

    Vəkil Fətullayevin məhkum olarkən deputatlığa namizədliyinin verməsini hüquqi baxımdan şərh edərkən bildirib ki, Avropa Məhkəməsinin qərarında Eynullanın əsassız həbs olunduğu və onun əməlində cinayət tərkibi olmadığı tanınıb, Qaradağ Rayon Məhkəməsinin hökmü isə qanuni qüvvəyə minməyib.

 

    Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.   2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

 

    Əlavə edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi  üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.

 

      Xatırladaq ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu təxribatı jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş təxribat  kimi qiymətləndirir. Eynulla Fətullayev bir çox yerli və beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınır.

 

   Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

 

Previous Post

ANS TELEKANALININ EYNULLA FƏTULLAYEV HAQQINDA FİLMİ ETİRAZA SƏBƏB OLUB

Next Post

TELEVİZİYA VƏ ALTERNATİV MEDİA İNKİŞAF MƏRKƏZİ ƏDLİYYƏ NAZİRLİYİNİ MƏHKƏMƏYƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.