EYNULLA FƏTULLAYEVİN AZƏRBAYCANIN HÜQUQ İCTİMAİYYƏTİNƏ AÇIQ MÜRACİƏTİ

Fətullayev kazusu: “Mən nə qədər həbsdə qalacağam?”

Azərbaycan hüquq ictimaiyyətinə – Azərbaycan Respublikasının Baş Prokurorluğuna, hüquqşünas millət vəkillərinə, şəxsən cənab İlyas İsmayılova, İqbal Ağazadəyə, Bakı Dövlət Universitetinin Cinayət hüququ və Cinayət prosesi kafedralarına, şəxsən professor Firudin Səməndərova, Hüquq Maarifçiliyi Cəmiyyətinə, şəxsən cənab İntiqam Əliyevə, Azərbaycan Hüquqçular Assosiyasiyasına, şəxsən cənab Ənnağı Hacıbəyliyə, Azərbaycan Hüquqşünaslar Forumunun bütün üzvlərinə, bütün demokratik ruhlu vəkillərə, şəxsən cənab İsaxan Aşurova, cənab Elton Quliyevə, cənab Namizəd Səfərova, cənab Abbas Atakişiyevə, cənab Fuad Ağayevə, cənab Muxtar Mustafayevə, Ali Məhkəmənin keçmiş hakimi cənab Müzəffər Ağazadəyə və adlarını burada göstərə bilmədiyim bütün vicdanlı hüquqşünaslara

AÇIQ MÜRACİƏT

(müzakirəyə dəvət)

 

Hörmətli hüquqşünaslar!

 

Azərbaycan hökumətinin mənə sərgilədiyi xüsusi münasibətin nəticəsi olaraq, Azərbaycan məhkəmələrinin mənəvi terroru və xüsusi amansızlığı sayəsində çoxsaylı sifarişli məhkəmə hökmləri və məhkəmə qərarları girdabına salınmışam. Cəza aparatının yaratdığı süni hüquqi bataqlığa çəkilmişəm. Fəqət Ali İdrakın və Avropa Məhkəməsinin xilaskar missiyası, vəkillərimin fədakarlığı və jurnalistlərin səyləri qəddar və amansız hökumətin bir vətəndaşa, bir insana və bir jurnalistə qarşı irimiqyaslı və qanun çərçivəsinə salınmış təcavüz aksiyasının fəsadlarının böyük hissəsini aradan qaldırıb. Mən – mühasirədəyəm, yalnız müdafiə mövqeyini tutmaq imkanındayam. Hökumətin davamlı, artan xətt üzrə gedən hücumlarına isə, yalnız qələmimdən çıxan məqalə, bəyanat, müsahibə və iddia ərizələri formasında olan süni əl qumbaraları ilə cavab vermək imkanında və zorundayam. Silahsız qalsam da, fəqət təslim olmaq və əlləri yuxarı qaldırmaq niyyətindən uzağam. Döyüşlər davam edir, sevindirici isə, yalnız odur ki, hökumət də hərdən itkilər verir.

 

Mətbuatdan sizə məlum olan dövlətlə vətəndaş arasında hüquqi müharibənin qısaca annotasiyasını diqqətinizə çatdırdım. Bu gün məni daha çox düşündürən və qayğılandıran, nə qədər paradoksal səslənsə də, həbsdə qalmağım deyil – həbsxanadakı həyatım dövlət üçün və mənim üçün normaya çevrilib – həbsdə bundan sonra hələ nə qədər qalacağımdır. Mən nə qədər həbsdə qalacam? Və bu haqda salfetka kağız parçalarından artıq hörmətə və nüfuza malik olmayan qanun və məcəllələr nə deyir? Mən bu saxtakarlıq qoxulu, milli məhkəmə iyli kağızları tam oxuyub, gəldiyim qənaəti oxucu ilə bölüşəcəyəm. Lakin məni ən çox maraqlandıran ölkənin hüquq ictimaiyyətinin, praktik və nəzəri fəaliyyətlə məşğul olan hüquqşünasların fikridir. Yaxşı olardı ki, həmkarlarım bu məsələ ilə bağlı yuxarıda adlarını çəkdiyim şəxslər, habelə, adlarını göstərə bilmədiyim praktik və nəzəri fəaliyyətlə məşğul olan vicdanlı, azad düşüncəli və demokratik ruhlu hüquqşünaslar arasında rəy sorğusu aparsın; arzum və istəyim odur ki, Azərbaycan Hüquqşünaslar Forumu bununla əlaqədar bir dəyirmi masa – müzakirə üçün tədbir düzənləsin, Azərbaycan hüquq ictimaiyyətinin nümayəndələri hakimə dost məktubu göndərsinlər.

Zakir Qaralovun saxta ittihamlar idarəsinə gəldikdə isə, həbsdə qalacağım zamanla bağlı prokurorluğun kateqorik rəyi üzərimdə qurulmuş apellyasiya baxışında prokuror Məhərrəm Mustafayev tərəfindən səsləndiriləcək. Çox güman ki, bu 25 yanvar iclasında, ya da ondan bir neçə gün sonra təyin ediləcək iclasda baş verəcək.

 

İndi isə, sizlərə qısa tarixçəni təqdim edirəm:

 

Mən, Fətullayev Eynulla Emin oğlu

–         20 aprel 2007-ci ildə Yasamal rayon məhkəməsinin hökmü ilə məhkəmə zalından həbs olunmaqla 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişəm;

–         Həbsdə olarkən, 03 iyul 2007-ci il tarixdə mənə qarşı yeni ittihamlar (CM-nin 214.3, 283.2.2, 213.2.2-ci maddələri ilə) irəli sürülüb və barəmdə həbs qətimkan tədbiri seçilib;

–         30 oktyabr 2007-ci ildə Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmə məni həmin ittihamlarla təqsirli bilərək, 8 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. CM-nin 66.5-ci maddəsinə əsasən, Yasamal rayon məhkəməsinin 20 aprel 2007-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 6 aylıq cəzanın çəkilməmiş hissəsini, yəni 2 il 3 ay 17 gün müddətini 8 il 3 ayla qismən birləşdirərək, 8 il 5 ay qəti cəza təyin edib. Bu məhkəmə eyni zamanda 26 sentyabr 2006-cı ildə Ramil Usubovun şikayəti əsasında mənə verilmiş 2 illik şərti məhkumetməni 1 aya çevirərək, mənə qəti olaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Cəzanın əvvəli 03 iyul 2007-ci ildən hesablanıb;

–         06 iyul 2010-cu ildə Qaradağ rayon məhkəməsi qurama narkotik işinə görə mənə 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası verib;

–         Avropa Məhkəməsinin qərarını icra etmiş Ali Məhkəmənin Plenumu 20 aprel 2007-ci ildə mənə təyin edilmiş 2 il 6 aylıq cəzanı ləğv edərək, cinayət işinin icraatına xitam verərək, mənim dərhal azad olunmağımı qərara almışdır. Eyni zamanda 30 oktyabr 2007-ci ildə təyin olunmuş 8 il 3 aylıq cəzadan, üzərimdə yalnız 213.2.2-ci maddə ilə (vergi məsələsi) 3 aylıq cəzanı saxlamış, CM-nin 214.1 və 283.2.2-ci maddələri ilə cinayət işinin icraatına xitam vermişdir. Ali Məhkəmənin Plenumu 30 oktyabr 2007-ci ildə ACDİÜM-nin hökmü ilə Ramil Usubovun  2 illik cəzasının 1 aya çevirdiyi qərarı təzədən 2 ilə qaytarıb, bunun üstünə də 3 ay (vergi məsələsi) əlavə edib, mənə qəti olaraq 2 il 3 aylıq cəza təyin etdi. Plenumun qərarında göstərilib: “Eynulla Fətullayevin cəza çəkmə müddətinin əvvəli 03 iyul 2007-ci ildən hesablansın”. Deməli, 03 iyul 2007-ci ildən hesablanan 2 il 3 aylıq cəza 03 oktyabr 2009-cu ildə başa çatıb.

 

Beləliklə,

–         20 aprel 2007-ci ildən 03 iyul 2007-ci ilədək Bayıl həbsxanasında və MTN təcridxanasında məhkum qismində saxlandığım müddət – 2 ay 14 gün müddəti havaya sovrulub;

–         03 oktyabr 2009-cu ildən 06 iyul 2010-cu ilədək 12 saylı cəza çəkmə müəssisəsində məhkum və Bakı İstintaq Təcridxanasında təqsirləndirilən şəxs kimi saxlandığım 9 ay 3 günlük müddət tamamilə unudulub.

Sadə riyazi hesablama aparaq:

Həbsə alındığım ilk gündən, yəni, 20 aprel 2007-ci ildən növbəti məhkəmə iclasının təyin olunduğu 25 yanvar 2011-ci il tarixinədək üst-üstə 3 il 9 ay 5 gün müddətinə azadlıqdan məhrum etmə cəzası çəkmiş oluram.

3 il 9 ay 5 gün müddətindən Ali Məhkəmənin Plenumunun qərarı ilə mənə təyin olunmuş 2 il 3 aylıq cəza müddətini çıxdıqda, belə məlum olur ki, mən 1 il 6 ay 5 gün müddətinə barəmdə qanuni qüvvəyə minmiş hökm olmadan cəza çəkmişəm.

Mənə gün kimi aydındır ki, narkotik işi üzrə verdiyim apellyasiya şikayəti təmin olunmayacaq və Bakı Apellyasiya Məhkəməsinin hakimləri, Qaradağ rayon məhkəməsinin qurama narkotik işinə görə, mənə verdiyi  2 il 6 aylıq cəzanı dəyişdirmədən saxlayacaqlar. Bu isə o deməkdir ki, əgər əvvəllər həbsdə saxlandığım və indiyədək nəzərə alınmayan müddətlər cəza təyini zamanı nəzərə alınacaqsa, mən daha 300 günümü həbsxana divarları arasında keçirməli olacam?!

Konkret suallar:

1.      Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə kollegiyası, heç olmazsa, mənim şərti məhkum olunmağım barədə və ya mənə təyin edilmiş cəza müddətini 1 il azaltmaqla məni azadlığa buraxa bilərmi? Azad və Ədalətli Məhkəmənin belə qərar verməsinə hüquqi mane varmı?

2.      Apellyasiya şikayətim təmin olunmazsa, məhkəmə kollegiyası cəzanı necə hesablamalı, 20 aprel 2007-ci ildən 03 iyul 2007-ci ilədək Bayıl həbsxanasında və MTN təcridxanasında məhkum qismində saxlandığım 2 ay 14 gün müddətini və 03 oktyabr 2009-cu ildən 06 iyul 2010-cu ilədək 12 saylı cəza çəkmə müəssisəsində məhkum və Bakı İstintaq Təcridxanasında təqsirləndirilən şəxs qismlərində saxlandığım 9 ay 3 günlük müddəti hökm qanuni qüvvəyə minənədək çəkilmiş cəza kimi nəzərə almalıdırmı?

3.      Ən nəhayət apellyasiya şikayətim təmin olunmazsa, mən hansı rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməliyəm?

Hörmətlə,

Sizin Eynulla Fətullayev                                     21.01.2011-ci il

 

 

Previous Post

HÜQUQŞÜNASLAR EYNULLANIN AZADLIĞA ÇIXMAĞINDA HÜQUQİ MANEƏ GÖRMÜRLƏR

Next Post

DİN VƏ DÖVLƏT MÜNASİƏTLƏRİNƏ DAİR MÜZAKİRƏLƏR APARILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.